Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Böyük Britaniya və ABŞ Əfqanıstandan çıxdı

Oktyabr 28
15:22 2014

“Sələf Xəbər” echo.az-a istinadən xəbər verir ki, Oktyabrın 26-da Böyük Britaniya və ABŞ Əfqanıstan ölkəsi ərazisində keçirdiyi hərbi əməliyyatları başa çatdırıblar.

Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Nazirlik həmçinin missiyanın başa çatdırılması mərasimi zamanı ABŞ və Böyük Britaniya bayraqlarının endirildiyini də qeyd edib.

Sky News telekanalı 13 il davam edən müharibəni “Böyük Britaniyanın müasir tarixində ən uzun müddətli müharibə” adlandırıb. Bu müddət ərzində Əfqanıstanda 453 britaniyalı hərbçi həlak olub.

Xatırladaq ki, 2001-ci ildə Böyük Britaniya, ABŞ və digər NATO ölkələri ilə ittifaqda Əfqanıstanda hərbi əməliyyatlara başlamışdır. Müharibənin məqsədi Əl-Qaidə terror qruplaşmasının bölmələrini məğlub etmək idi.

Daha sonrakı hədəf – yeni əfqan dövlətinin qurulması oldu. Bu gün Britaniyanın aparıcı siyasətçiləri və hərbi ekspertlər etiraf edir ki, bu hədəflərə nail olunmayıb.

ВВС isə bu vəziyyəti belə şərh edir: “Böyük Britaniya və ABŞ Əfqanıstandakı hərbi əməliyyatlarda uduzmayıb, lakin müharibədə qalib gəldiyini də demək olmaz. İndi onlar “Taliban” hərəkatının irəlilədiyi bir zamanda Əfqanıstanı tərk edirlər”, umma.ua yazır.

 Sələf Xəbər: Bu ədalətsiz və amansız müharibələr Qərb ölkələrində terror aktları törədən xəvariclərin hərəkətlərinin nəticəsi oldu. Bu sözdə “islam uğrunda döyüşçülər” adlandırılan kəslərdən soruşmaq istərdik ki, siz İslama hansı xeyir gətirdiniz? Qərb ölkələrinin bir neçə min günahsız vətəndaşını öldürüb, nəyə nail oldunuz?

Bu düşüncəsiz terror aktları nəticəsində, qərb ölkələri, terrorçuluqla mübarizə bəhanəsi ilə, Əfqanıstana və İraqa zorla girdilər. Müsəlmanların qanı töküldü, bir çox insanlar evlərini və daimi yaşayış yerlərini itirdi, həmin ölkələrin iqtisadiyyatı isə dağıldı.

Dünya cəmiyyəti gözündə İslam zorakılıq və qəddarlıq dini kimi təqdim edildi, insanlar saqqallı kişilərdən və hicablı qadınlardan və İslamla bağlı olan hər şeydən qorxmağa başladılar. Bu hal elə bir miqyasa çatdı ki, demək olar hər bir müsəlman bunu öz üzərində hiss edə bildi. Fəsadçı insanlardan ibarət kiçik bir qrupun milyardlıq müsəlman icmasının həyatına göstərdiyi təsir heyrətləndiricidir.

Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhusulət-təfsir, 1-ci kaset, A tərəfi).

Digər xəbərlər