Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Britaniyanın ilk müsəlman naziri hökumətin İsraili dəstəkləməsi səbəbilə istefa edib

Avqust 07
15:48 2014

“Sələf Xəbər” “The Guardian” qəzetinə istinadən xəbər verir ki, Britaniya Xarici İşlər Nazirinin birinci müavini Səidə Varsi, hökumətin Qəzza məsələsi ilə bağlı siyasətini “bağışlanmaz” adlandıraraq öz vəzifəsindən istefa etmişdir.

Varsi öz gedişini Twitter sosial şəbəkəsindəki bu ismarıcı ilə bəyan etmişdir: “Dərin təəssüf hissi ilə bu səhər Baş Nazirə ərizə yazdım və istefaya çıxdığımı bildirdim. Mən daha hökumətin Qəzza məsələsində yürütdüyü siyasəti dəstəkləyə bilmərəm”.

İstefa ərizəsində, xanım Varsi bildirib ki, hökumətin “Qəzzadakı mövcud böhrana yanaşma tərzi bağışlanmazdır, Britaniyanın milli maraqları çərçivəsində deyil və ölkəmizin beynəlxalq və daxili nüfuzuna uzun müddət öz mənfi təsirini göstərəcəkdir”.

O, həmçinin bildirib ki, Birləşmiş Krallığın mövqeyi, hüququn aliliyinə və ölkənin dəstəklədiyi beynəlxalq-hüquqi normalara ziddir. O, əlavə edib: “Britaniya hökuməti, Yaxın Şərq böhranının həll olunmasında yalnız vicdanlı vasitəçi olduğu halda konstruktiv rol oynaya bilər, hal-hazırda isə mən hökumətin vicdanlı vasitəçi olduğunu düşünmürəm”.

Kansler Corc Ozborn, dərhal bu iddialara cavab verərək, onun qərarının lüzumsuz olduğunu bildirib və nazirlərin regionda sülhün bərqərar olunması istiqamətində mühüm işlər gördüyünü bəyan edib. “Bu, məyusedici və açığı, lüzumsuz qərardır”, o deyib. “Britaniya hökuməti digər dünya ölkələri ilə birgə Qəzzada sülhü bərqərar etmək yolunda işlər görür və biz atəşkəs haqqında ilkin razılıq əldə etmişik və ümid edirik ki, atəşkəsə riayət olunacaq”.

Lakin, Leyboristlər partiyasının sədri Ed Miliband, xanım Varsinin addımının vəhdət prinsipindən irəli gəldiyini vurğulayıb və Cənab Kameronu öz mövqeyini yenidən nəzərdən keçirməyə çağırıb. “Ümid edirəm ki, Devid Kameron onun istefa ərizəsində yazdıqlarını götür-qoy edəcək və öz yanaşma tərzini dəyişəcək”, o BBC News kanalına verdiyi müsahibədə bildirib. “O, bu sükutu pozmalı və İsrailin əməllərinin haqsız və bağışlanmaz olduğunu bəyan etməlidir. O göstərməlidir ki, hökumətin siyasəti qərəzsizdir və heç bir qorxu və təvəccöh hissi keçirmədən, bu faciəvi münaqişənin gedişatında zəruri həlli yolunun tapılması uğrunda çalışmalıdır”.

“Huffington Post” qəzetinə verdiyi müsahibəsində xanım Varsi deyib: “2012-ci ilin noyabr ayında BMT Baş Assambleyasında Fələstinin dövlətçiliyini tanımamağımız, bizi tarixin yanlış səhifələrinə yazdı və mən çox peşmanam ki, o vaxt bu addıma qarşı çıxış etmədim”. Lordlar palatasının üzvü olan xanım Varsi istefaya getdiyi üçün, indi bu məsələ barədə “daha sərbəst” danışmaq istəyir. İstefa ərizəsini təqdim etdikdən sonra onun ilk tələbi, Birləşmiş Krallığın İsrailə qarşı silah təchizatına dair embarqo tətbiq etməsi olub.

Xanım Varsinin, Qəzzaya hücuma və qurbanların sayının artmasına görə Devid Kameronun İsraili birmənalı şəkildə ittiham etməməyindən narazı qalması heç kəs üçün sirr deyildi. Lakin son çıxışı zamanı, Baş Nazir İsrailin düzgün hərəkət etmədiyini və ya mülki şəxslərin ölümünün qarşısını almaq üçün əlindən gələni etdiyini deməkdən imtina etmişdi. Xanım Varsi İsrailin yürütdüyü siyasətə qarşı kifayət qədər tənqidi çıxışlar edib. O, bu yaxınlarda Tweeter sosial şəbəkəsində bunları deyib: “Bəsdir uşaqların öldürülməsinə haqq qazandırdınız! Yürütdüyümüz siyasətdən asılı olmayaraq, bu məsələdə İsrailə bəraət qazandıra bilmərik və yalnız təəssüf hissi keçirməliyik”.

2010-cu il parlament seçkilərindən sonra, Xanım Varsi Kameron tərəfindən Konservatorlar partiyasının sədr müavini vəzifəsinə seçilərək Britaniya hökumətində oturan ilk müsəlman olub. Daha sonra, o, Xarici İşlər Nazirinin birinci müavini və 2012-ci ildə nazirlər kabinetində baş verən dəyişiklikdən sonra, dini qurumlar və icmalarla iş üzrə nazirin birinci müavini vəzifəsinə endirilmişdi.

Nazirlər Kabinetində baş verən dəyişiklikdən əvvəl, xanım Varsini vəzifəsindən azad etmək üçün yüksək səviyyədə kampaniya həyata keçirilmişdi. Buna səbəb, əsasən onun ITV kanalının “Gündəlik” verilişinə hökumətin başında duranlara həsr olunmuş karikatura ilə çıxması olmuşdu.

Xanım Varsinin gündəlik yazdığını bir çoxları bilir və bəziləri, onun, Kameronun öz ətrafına yüksək vəzifəli insanları topladığını ifşa etmək üçün seçkilərdən qabaq həmin gündəliyi nəşr edəcəyindən qorxurdu. O, Konservatorlar partiyasının sədr müavinliyindən azad edilmiş və daha sonra Xarici İşlər nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdir.

Onun istefası, Lordlar Palatası nümayəndələrinin İsrail barədə malik olduğu fikir ayrılığının ifşasına səbəb ola bilər. Xanım Varsinin istefa etməsinə münasibətini bildirən London meri Boris Conson, hər hansı nazirin istefaya getməsindən “çox kədərləndiyini” bəyan edib: “Düşünürəm ki, o ən qısa zamanda geri dönəcək. Londonun meri kimi hesab edirəm ki, bu məsələyə dərindən baş qoşmaq merin funksiyasına daxil deyil”, o “LBC Radiosuna” verdiyi müsahibəsində bildirib. O, əlavə edib ki, Qəzzada baş verənlər “tamamilə qorxunc və yolverilməzdir”, lakin “baş verənlərə görə siyasətçilərin bir-biri ilə müharibə aparmasının heç bir mənası yoxdur”.

İsrailinin Qəzzanı bombalaması ilə bağlı isə Conson bunları deyib: “Mən heç vaxt bunu ağıllı strategiya adlandıra bilmərəm. Bu məsələdə qərar çıxarmaq və ya hökm vermək mənim işim deyil – mən İsrailin qızğın tərəfdarıyam. Lakin, bu hərəkətlərə bir məna verə bilmirəm. Bu, yersiz, çirkin və faciəvi bir addımdır və İsrailə gələcəkdə heç bir fayda verməyəcəkdir”.

Baş nazirin müavini Nik Kleqq isə bildirib ki, hökumətdə “Qəzza məsələsi ilə bağlı müxtəlif fikirlərin və baxışların mövcud olduğu heç kəs üçün sirr deyil”. İmmiqrasiya məsələləri ilə bağlı keçirilmiş tədbirdə çıxış edən nazir müavini bildirib: “Səidə Varsi bu məsələdə özünü çox haqlı hiss edir və bunu bacardığı şəkildə baş nazirə izah edib. İnanıram ki, Britaniya, HƏMASIN yersiz raket hücumlarına birmənalı münasibət göstərməkdə haqlıdır. Lakin, İsrail barəsində də dürüst və açıq danışmaq lazımdır. 3 BMT məktəbinin bombalanması tamamilə utancvericidir”.

Cənab Kameronun İsrailin əməllərinə kifayət qədər tənqidi yanaşmamağı barədə soruşulduqda isə, cənab Kleqq bildirib ki, bu barədə danışmaq yalnız Nazirin özünə düşər. “Aydındır ki, mən və baş nazir bu barədə fərqli düşüncələrə sahibik və bu həmişə belə olub. Cənab Kleqq açıq-aydın şəkildə, bu məsələ səbəbilə istefaya getməyəcəyini və hökumətin “münaqişə yox, sülhün və zorakılıq yox, atəşkəsin” lehinə olan mövqeyini dəstəklədiyini bildirib.

Digər xəbərlər