Çernobıla doğru irəliləyən təhlükəli yanğın
721 dəfə baxılıb
Dünya yeni fəlakətlə üz-üzədir.
1986-cı ildə Avropa və Asiyanın böyük bir qisminə ciddi təsir edən Çernobıl kabusu təkrar geri dönüb.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarından etibarən Çernobıl AES-in 20 kilometrliyində şiddətli meşə yanğınları başlayıb. AES-in üzəri betonla örtülsə də, ona doğru yaxınlaşan yanğın ciddi təhlükə yarada bilər. Belə ki, ekspertlər AES ətrafında yerə hopmuş radioaktiv şüanın yanaraq təkrar havaya qarışması təhlükəsini istisna etmirlər.
Ukrayna Daxili İşlər naziri Arsen Avakov Çernobıla doğru irəliləyən yanğınla bağlı beynəlxalq mühafizə xidmətinə xəbər verildiyini deyib.
Avropa radiasiya riski komitəsinin rəhbəri Dr. Sris Busbi dünyanın yeni bir Çernobıl fəlakəti ilə üz-üzə qaldığını bildirib.
Sələf Xəbər: Uca Allah buyurur: “İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar”. (Qurani-Kərim, “Rum” surəsi, 41-ci ayə)
“Bəlalar, məhrumiyyətlər, xəstəliklər, epidemiyalar və bir çox başqa fəlakətlər insanların başına, onların öz törətdikləri cinayətləri sayəsində gəlir. Allahın insanlarla belə davranması, onların günahlarının cəzasız qalmayacağını və bu bədbəxtliklərin bu dünya həyatında cəzanın yalnız bir hissəsi olduğunu anlamaları üçündür. Belə olduqda, onlar bəlkə də, onlara bu qədər zərər vurmuş əməllərdən əl çəkərlər, özlərini doğruldub, düz yola gələrlər. Pak və Müqəddəs Allah, hətta sınaq və cəza nazil edəndə də, mərhəmətini və rəhmini nümayiş etdirir. Əgər Onun İlahi rəhmi olmasaydı, onda O (Pak və Müqəddəs Olan), bütün məxluqlarından layiq olduqları qisası alardı və yer üzündə bir canlı məxluq belə qoymazdı”. (Bax: “Təfsir Əs-Saadi”)