Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Charlie Hebdo” jurnalı ilə bağlı unudulmuş qalmaqal

Yanvar 12
19:38 2015

“Sələf Xəbər” ruposters.ru saytına istinadən xəbər verir ki, 2008-ci ildə Fransa Prezidentinin oğlu haqqında yayılmış zarafata görə, “Charli Hebdo” jurnalının ən yaşlı karikaturaçı rəssamı işdən qovulub.

Parisdə baş vermiş və Fransa cəmiyyətini sarsıtmış faciə, keçmiş prezident Nikola Sarkozinin səs-küylü bəyanatlar verməsinə səbəb olub.

O, satirik jurnalın redaksiyasına hücum etmiş terrorçuları barbarlar adlandırıb və bütün ölkəni onlara qarşı birləşməyə çağırıb. Lakin indi çoxları “Charlie Hebdo” tarixinin ən səs-küylü qalmaqallarının birinin Sarkozinin adı ilə bağlı olduğunu unudub. 2008-ci ilin iyul ayında “Charlie Hebdo” jurnalında Nikola Sarkozinin oğlu Jan Sarkozinin karikaturası təsvir edilmişdi. Karikaturanın müəllifi, (o dövrdə) Fransanın ən yaşlı karikaturaçı rəssamı olan Moris Sine öz rəsminə aşağıdakı şərhi vermişdi: “Jan Sarkozi – öz atasının layiqli oğlu, o karyera pillələrində yüksəlir, lakin təhlükəli yol qəzasının baş verməsinə səbəb olub cinayət yerindən qaçmasına baxmayaraq, məhkəmə az qala onu alqışlayacaqdı”.

Məhkəmədə Jan Sarkozinin opponenti ərəb olduğu üçün, məhkəmə davası irqi və dini çalar alıb. Həmçinin, Sine prezidentin oğlunu “çox qabağa gedə bilməyəcək prinsipsiz fürsətçi” adlandırıb. Bütün bunlara səbəb adı çəkilən yol qəza hadisəsindən əlavə, Jan Sarkozinin Fransanın ən böyük məişət texnikası şəbəkəsi olan Darty şirkətinin varisi Cessika Sibun-Darti ilə ailə qurmaq planları olub.
Əlverişli nikah səbəbi ilə Jan Sarkozi, hətta, iudaizmi də qəbul etməyə hazırlaşırdı. “Bu oğlan qabağa gedə bilməyəcək!” – deyərək Sine zarafat etmişdi. Lakin nə ölkə rəhbərliyi, nə də “Charlie Hebdo” jurnalının o vaxtkı baş redaktoru Filip Val, bu zarafatı qiymətləndirmədilər. Val karikaturanı “mənasız və yalan” adlandıraraq rəssamın öz sözlərini geri götürməsini tələb edib.

Cavabında isə Sine bəyan edib ki, bunu eləməkdənsə “cinsi orqanlarını kəsib atsa, daha yaxşı olar”. O zaman onu antisemitizmdə günahlandıraraq işdən azad edirlər. Fransanın Mədəniyyət Naziri Kristin Albanel Sinenin rəsmini “birdəfəlik yox olmalı olan qədim zehniyyətin təcəssümü” adlandırıb.

İrqçilik və antisemitizm əleyhinə Liqa (LICRA) və yəhudi təşkilatları baş redaktorun rəssamı işdən azad etməsi ilə bağlı qərarını dəstəkləyiblər.

“Charlie Hebdo” jurnalından qovulduqdan sonra, kommunist və ateist Sine məhkəməyə cəlb edilir. Bundan əlavə, Moris Sine bəyan edib ki, Yəhudilərin Müdafiəsi Liqasının saytında onu təhdid edərək qisas alacaqlarını bildiriblər. Təhdidlərin müəllifini tapmaq mümkün olmayıb.

Digər xəbərlər