Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Çinli milyarder: İslam həqiqətini Məkkədə dərk etdim

Oktyabr 24
20:38 2014

“Sələf Xəbər” okaz.com.sa-a istinadən çinli milyarderin Həcc təəssüratları barədə yazır.

“Müqəddəs Məkkədə İslamın həqiqi mənasını anladım. Müqəddəs Kəbənin yanında bədənim titrədi”. Çinli milyarder Han Şinğ Vanğ həcc etmək üçün müqəddəs məkana etdiyi səfəri barəsində söhbətini bu sözlərlə başlayır. O, əvvəllər belə bir dini ab-havanı yaşamadığını və bu Müqəddəs məkanda İslamı əsl həqiqəti ilə tanıdığını qeyd edib.

Han Şinğ Vanğ Məkkədə olduğu müddətdə Kəbə məscidinin imamları ilə görüşməyə müvəffəq olub. Milyarder, ona təqvalı olmağı, tövbə etməyi və İslam əxlaqına riayət etməyi tövsiyə edən Şeyx Əbdürrəhman əs-Sudeys və Şeyx Xalid əl-Ğamidi ilə söhbət edib. Milyarder deyir ki, Müqəddəs Kəbəni görən zaman bədəninin titrədiyini hiss edib, həyatında heç vaxt görmədiyi bir mənzərə – Kəbə ətrafında toplaşanların izdihamı isə onu heyran qoyub, ona rahatlıq və sükunət hiss etdirib. “Yerinə yetirdiyim bu ilk həccimdə Ərafat gününün Cümə günü ilə üst-üstə düşməsi isə sevincimə sevinc qatdı.”, Han Şinğ Vanğ əlavə edib.

O, Məkkəyə gəlməmişdən qabaq İslam barədə azməlumatlı olub. Milyarderin sözlərinə görə, dünyanın hər tərəfindən rəngləri, millətləri və dilləri fərqli olan milyonlarla insanın gələrək bir yerdə eyni ayinləri yerinə yetirməsi ona, təqva istisna olmaqla insanlar arasında heç bir fərq qoymadan birlik yaradaraq onları bərabər edən hənif din olan İslamın böyüklüyünü göstərib.

Vanğ uşaqlıq xatirələrinə qayıdaraq ulu babasının həcc zamanı şəraitsizlikdən əziyyət çəkdiyini və çox yorğun halda qayıtdığını xatırlayıb. “İndi isə Səudiyyə Ərəbistanı Krallığı həcc edilən məkanlarda və Kəbə məscidində müxtəlif xidmətlər vasitəsilə həcc ibadətini maraqlı səyahətə çevirib”, deyən çinli milyarder, zəvvarların həcc əhkamlarından olan “daş atma” ayinini icra edərkən heç bir çətinliklə üzləşməməkləri üçün körpünün tikilməsindən çox məmnun olduğunu vurğulayıb. Han Şinğ Vanğ, Allahın Evinin və qonaqlarının xidməti üçün səmimiyyətlə çalışan İki Müqəddəs Məkanın xidmətçisinin hökumətinə böyük təşəkkürünü bildirərək Allahdan bu ölkənin əmin-amanlığı, təhlükəsizliyi və firavanlığını həmişə davam etdirməsini diləyib.

Sonda isə milyarder Çin hökumətinin müsəlmanların həcc və ümrə ziyarəti üçün göstərdiyi xidmətlərdən danışıb və Çin müsəlmanlarına öz vətənlərini gözəl təmsil etməyi nəsihət edib.

“Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur.”

Müqəddəs Quran, “Ali İmran” surəsi, 97-ci ayə

Digər xəbərlər