Danimarkanın irqçi qüvvələri məscidləri yandırmağa çağırış edib
712 dəfə baxılıb
Müsəlmanlara qarşı hücumlara çağıran Danimarkanın irqçi qüvvələri “Facebook” sosial şəbəkəsi vasitəsilə məscidləri yandırmağa çağırıb.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, çağırışda məscid yandırana havayı benzin vəd olunub. Danimarkada yerləşən İslam İnanc Cəmiyyətinin və mədəniyyət binasına hücumdan sonra ictimaiyyət arasında başlayan müzakirələr təhlükəli həddə çatıb. 40 nəfərlə birlikdə binanı yandırmaq istəyən 34 yaşlı şəxs həbs edilərək həbsxanaya göndərilib. Hadisədən sonra müsəlmanlara nifrət edən bəzi şəxslər sosial şəbəkə vasitəsilə məscidləri yandırmağa çağırıb.
Svend Jepsen adlı bir danimarkalı “Facebook”da “Məscidlərə yox deyək! Dəvə peyinlərini yandırın. Niyə ancaq bir yer yandırıldı? Bir məscid yandırana mən də bir bidon benzin verməyə hazıram. Yetər ki, bir müsəlman ölsün”- mesajı yazıb.
“Facebook”da yaradılan “Məscidlərə qarşı” səhifə “İslamdan təmizlənmiş ölkə” çağırışı edib. Səhifənin üzv sayı 7 min nəfərə çatdıqda səhifə şikayət edilərək bağladılıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində, onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)
Təəssüf ki, “söz azadlığı” prinsipinə əsaslanaraq, Qərbdəki bir çox hökumətlər İslama və müsəlmanlara münasibətdə nifrətin və təhqirlərin yayılmasına mane olmur. Lakin haqlı olaraq bir sual yaranır: niyə Qərb “söz azadlığı” prinsipini antisemitizmin təzahürlərinə dair tətbiq etmir? Axı məlumdur ki, antisemitizm və Xolokostun inkar edilməsi bir çox Qərb ölkəsində təqib edilən cinayətkar fəaliyyət hesab olunur.
Beləliklə, “söz azadlığı” prinsipinin mövcudluğuna baxmayaraq, bu ölkələrin qanunları sayı bütün dünya üzrə 15 milyonu keçməyən dini icmanı müdafiə edir və onları təhqir edən və hissiyyatlarına toxunanları cəzalandırır. Bəs niyə milyard yarımdan artıq olan müsəlman icmasının təhqir edilməsi haqqında söhbət getdikdə, dərhal “söz azadlığı” prinsipi yada düşür? Məgər bu ədalətdir?
Bizim dinimizə gəlincə isə, İslam antisemitizmi qadağan edir.Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Ərəbin qeyri-ərəb üzərində üstünlüyü yoxdur. Qeyri-ərəb də, ərəbdən üstün deyildir. Necə ki, ağ dərili qaradərilidən, qaradərili isə ağ dərilidən üstün deyildir. Bir insanın o birilərindən üstünlüyü yalnız təqva ilədir!” (Əhməd)
Uca Allahdan müsəlmanlara səbir verməsini və İslamı pisləyənləri cəzalandırmasını istəyirik.