Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Dilənçi milyoner çıxdı

Sentyabr 30
18:17 2014

“Sələf Xəbər” Akşam qəzetinə istinadən xəbər verir ki, Türkiyənin Konya şəhərində “Paketli baba” və ya “Qərib” olaraq tanınan kimsəsiz yaşlı kişi ötən gecə şəhərlərarası avtobus terminalında avtobusun altında qalaraq faciəvi şəkildə həlak olub.

Konya sakinlərinin dərin hüznünə səbəb olan bu hadisədən sonra “Paketli baba” haqqında söz-söhbətlər dolaşmağa başlayıb. Bəziləri onun Orta Şərq Texnik Universitetində təhsilini yarımçıq qoyduğunu, bəziləri isə kimya mühəndisi olduğunu dilə gətirib. Haqqında şayiələr yayılan “Paketli babanın” kimliyi də hər kəsə maraqlı olub.

Qəzadan dərhal sonra Beyhekim Dövlət Xəstəxanasının morquna aparılmış qocanın adının Mehmet Keleş olduğu üzə çıxıb. Van vilayətində doğulmuş Keleşin Çorum şəhərindən olduğu, İstanbul və Ankarada yaşayan qardaşı oğullarının Konya polis idarəsi ilə əlaqə saxlayaraq cənazəni götürmək istədikləri bildirilib.

Qocanın Çorum şəhərində yaşayan bir yaxını cənazəni götürmək üçün Beyhekim Dövlət Xəstəxanasına gəlsə də, prokuror gələn şəxsin yaxın qohum olmaması səbəbilə Mehmet Keleşin cənazəsinin ona verilməsinə icazə verməyib. 15 gün ərzində birinci dərəcədən qohumların müraciət etmədiyi təqdirdə, Keleşin kimsəsizlərə aid qəbiristanlıqda dəfn ediləcəyi bildirilib.

İllərdir Konyada yaşayan və vətəndaşlardan pul yığaraq özünü dolandıran Mehmet Keleşin topladığı pulları kimliyi açıqlanmayan bir biznesmenə verdiyi üzə çıxıb. İş adamının Mehmet Keleşin ona verdiyi pulları bankda onun adına bir hesab açaraq ora yerləşdirdiyi məlum olub. Mehmet Keleşin ölüm xəbəri yayıldıqdan sonra adı açıqlanmayan biznesmenin bankda saxladığı pulları qocanın qohumlarına verilməsi üçün polis idarəsinə təhvil verdiyi bildirilib.

Polis idarəsinə təhvil verilən pulların miqdarının isə 1 milyon türk lirəsindən çox olduğu açıqlanıb. Hələ də xəstəxana morqunda qalan cənazənin, İstanbul və Ankaradan gələcək şəxslərin Keleşin qohumları olduğu dəqiqləşdirildikdən sonra onlara təhvil veriləcəyi bildirilib.

Digər tərəfdən, Mehmet Keleşe aid olduğu bildirilən 1 milyon türk lirəsindən çox pulun onun qohumlarına dərhal təhvil verilməsinin mümkün olmadığı, bunun üçün bəzi rəsmi proseduraların həyata keçirilməsinin zəruri olduğu bildirilib.

Digər xəbərlər