Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Dini etiqad azadlığı mövzusunda konfrans keçirilib

Sentyabr 13
18:47 2014

“Sələf Xəbər” Qafqazinfo-ya istinadən xəbər verir ki, Tbilisidə “Cənubi Qafqazda din və etiqad azadlığı” mövzusunda beynəlxalq konfrans keçirilib.

Niderland krallığının Xarici İşlər Nazirliyi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının ofisi və Azlıqların məsələləri üzrə Avropa Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransın məqsədi Cənubi Qafqazda vicdan azadlığı ilə bağlı mövcud vəziyyəti müzakirə etmək və dini icmalar arasında əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparmaqdan ibarət olub.

Konfransda Azərbaycan, Gürcüstan və Ermənistandan müvafiq dövlət qurumlarının nümayəndələri və müxtəlif dini konfesiyaların təmsilçiləri iştirak ediblər. Konfransa Azərbaycandan Prezident Administrasiyasının, Ombudsman aparatının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, eləcə də ölkədə fəaliyyət göstərən əksər dini konfesiyaların nümayəndələrindən ibarət heyət qatılıb.

 Sələf Xəbər: Uca Allah buyurur: “Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 256-cı ayə).

“Bu vəhy İslamın kamilliyini xüsusilə vurğulayır. O, özünün saf dəlilləri və aydın ayələri sayəsində idrak və elm dini, qüsursuz şüuraltı və hikmət, möminlik və nəsihət, haqq və düzgün rəhbərlik dinidir. Özünün kamilliyi və bəşər düşüncəsinə tam uyğunluğu sayəsində İslam məcburiyyətə ehtiyac duymur. Adətən, insanı həqiqətə zidd olan, aydın sübutlar və dəlillərlə təsdiq olunmayan və qəlbinin ikrah bəslədiyi bir şeyə məcbur edərlər. İslam əqidəsinə münasibətdə isə, ancaq inadkarlıq göstərən zalımlar onu inkar edirlər. Düz yolla azmışların yollarının fərqi açıq-aşkardır və heç kim, əgər o, doğru yolu rədd edirsə və haqqın ardınca getməkdən boyun qaçırırsa, bu əməlinə inandırıcı bəraət qazandıra bilməz.

Sonra Allah insanların iki qrupa bölündüyünü bildirir. Bir qrupa, şəriki olmayan Tək Allaha iman gətirən və bütün yalançı tanrıçaları rədd edən möminlər daxildir. Tağut (büt) sözü burada çoxallahlığı və Allaha iman gətirməyin əleyhinə olan hər şeyi ifadə edir. Əgər insan möminlərin keyfiyyətlərinə malikdirsə, deməli o, etibarlı və qırılmaz dəstəkdən yapışmışdır. O, gerçək dini əqidə sahibidir və onu Allaha tərəf və Allahın mərhəmət məkanına aparan doğru yolla gedir.

Digər insan qrupu haqqında şərh etdiyimiz ayənin nəticələrinə görə mühakimə yürütmək olar və əgər insan Allaha iman gətirməkdən boyun qaçırırsa, küfrə üstünlük verirsə və uydurma tanrıçalara ibadət edirsə, onda o, özünü əbədi zülmə və sonsuz cəzaya məhkum edir.

Allahın gözəl adları arasında – Eşidən və Bilən adları da vardır. O, Ona müxtəlif dillərdə istənilən dualarla müraciət edən bütün yaratdıqlarının səslərini eşidir. O, dua edən qullarının necə Ona yalvardıqlarını və mütiliklə namaz qıldıqlarını eşidir. O, ürəklərdə gizlənənləri bilir, ən sirli düşüncələrdən xəbərdardır və hər bir insana, bütün incəlikləri ilə Ona məlum olan niyyətləri və əməllərinə görə əvəzini verir.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər