Dünya Ramazan Bayramını belə qeyd etdi
976 dəfə baxılıb
İraq
İraqın şiə əhalisi bayram namazını qılıblar. Bağdadın şiələr məskunlaşan rayonlarının sakinləri İmam Əli məscidinə axışıblar. Məscidə giriş gücləndirilmiş təhlükəsizlik tədbirləri çərçivəsində baş tutub. İraqlılar Qəzza zolağındakı müsəlman qardaşları üçün dua etdiklərini bildiriblər.
Yaxın Şərq
İsrailin Qəzza zolağına fəal hərbi müdaxiləsinə baxmayaraq, burada da əhali Ramazan bayramını qeyd etməkdən çəkinməyib. Bir qrup insan raket zərbəsi nəticəsində dağıdılmış Əl-Fəruq məscidi ətrafında toplaşaraq bayram namazı qılıb.
Suriya
Suriya prezidenti Bəşər Əsəd 3-cü müddətə dövlət başçısı seçildikdən sonra ilk dəfə media qarşısına çıxıb. Bəşər Əsəd paytaxt Dəməşqdə ölkənin ali dini rəhbəri Məhəmməd Hasun ilə məsciddə namaz qılaraq bayramı qeyd edib.
Çin
Əksər Asiya və Avropa ölkələrində də Ramazan bayramı qeyd edilib. Çinin paytaxtı Pekində minlərlə müsəlman şəhərin ən böyük məscidinə axışıb. Fitrə çıxarma mərasimindən sonra müsəlmanlar bayram namazını qılaraq dualar ediblər.
Pakistan
Pakistanın Kəraçi şəhərində də bayram namazı izdihamlı keçib. İnsanların məscidlərə axışdığı vaxt burada təhlükəsizlik tədbirləri artırılıb.
Banqladeş
Banqladeşin paytaxtı Dəkkədə də bayram namazı qılınıb. Namazdan sonra müsəlmanlar qucaqlaşaraq bir-birin təbrik ediblər. Ramazan şənliklərinin bir adəti olaraq, uşaqlara rəngli şarlar bağışlanıb.
Rusiya
Rusiyanın paytaxtı Moskvada Ramazan bayramı ilə əlaqəli tədbirlərdə 165 min dindar iştirak edib. Sankt- Peterburqda isə bayramını 50 min dindar qeyd edib.
Norveç
Norveçin paytaxtı Osloda müsəlmanlar bayramın ilk günündə məscidə axın edib, yaxınları ilə görüşüblər.
Bolqarıstan
Bolqarıstanda müsəlmanlar fitrə çıxarıblar.
Bosniya
Bosniyada da məscidlərə güclü insan axını olub. Ölkənin ali dini lideri Hüseyn Kavazoviç bayram günü insanları birliyə dəvət edib. Kavazoviç bildirib ki, Bosniya müsəlmanları həm ölkə daxilində, həm də qonşu ölkələrlə sülh və əmin-amanlıq içində yaşamaq istəyir.