Dünyanın ən qəribə, ən nadir xəstəsi
855 dəfə baxılıb
32 yaşlı amerikalı Şayna Aysomun bədəni çürüyür. Onun bədəninin hər yerində dəridə irinli şişlər yaranır, sonra bu şişlər partlayır və bərkimiş irin çölə çıxır.
Şaynanın xəstəliyi o qədər qəribə və müəmmalıdır ki, həkimlər qadının vücudundakı saysız-hesabsız follikulların yaranma səbəblərini araşdırsalar da, bir nəticəyə gələ bilməyiblər.
“Sələf Xəbər” Milli.Az-a o da ABC News-a istinadən bildirir ki, ABŞ-ın Baltimor şəhərindəki Con Hopkins adına Tibb Mərkəzində (Johns Hopkins Medical Center) müayinə və müalicə alan Şayna Aysom mərəzinə çarə tapılacağına ümid etmədiyini deyir.
Həkimlər isə söyləyiblər ki, Şayna dünyada belə qəribə xəstəliyə tutulmuş yeganə insandır.
Hər şey 2009-cu ildə, o dönəmdə Memfis Universitetinin hüquq fakültəsinin tələbəsi olan Şaynada genişmiqyaslı astma tutması olanda başlandı. Yerli hospitalın təcili yardım bölməsinə yollanan Şayna müayinə olunub və ona böyük miqdarda steroidlər verilib.
Az sonra Şaynanın orqanizmində fəsadlar başlanıb, qızda fasiləsiz qaşınma yaranıb.
Həkimlər Şayna Aysomu müalicə etmək üçün ona “Benadryl” kimi dərmanlar versələr də, preparatların heç bir təsiri olmayıb.
“Qızımın düçar olduğu dərdi hələ də anlamırıq. Onun bədəni çürüyür, dərisindən irin çıxır. Dəriyə toxunanda qızım çox acı çəkir. Onun ayaqları da qaralırdı. Elə bil qızım yanğından çıxmışdı”, – Şaynanın anası Keti Qeri deyib.
Keti Qerinin sözlərinə görə, Şayna yeriməyə çətinlik çəkir, həftədə 3-4 kq arıqlayırdı.
Həkimlər çox çalışırdılar. Onlar, hətta, onurğa beyninin biopsiyası əməliyyatını aparsalar da, cavablar sirri açmayıb.
2011-ci ildən bəri isə Şayna nüfuzlu tibb ocaqlarından sayılan Con Hopkins Universitetində müalicə olunur.
Müayinələr və testlərdən sonra bəlli olub ki, Şaynanın orqanizmində hər tük follikulu normadan 12 dəfə artıq dəri hasil edir. Böyümək üçün follikullar dırnağa dənzəyən qatılaşmış irin ifraz edirdilər.
Yeni müalicə sistemi Şayna Aysomun durumunu bir qədər yaxşılaşdırıb. Onun ayaqları artıq qaralmır və Şayna yeriməyə başlayıb.
Fəqət, ciddi problemlər azalmır. Belə ki, Şaynanın dərisinin çürüməsini ləngitmək üçün istifadə olunan sarğılara ayda 2 min dollar sərf etmək gərəkdir. Ümumiyyətlə, isə Şaynanın müalicəsi ilə bağlı ödənməmiş hesabları artıq 1 milyon dollara çatıb.