Əhmədinejad: “Qərb kəşfiyyat təşkilatlarının yetişdirdiyi İŞİD bu oyuna xidmət edir”
876 dəfə baxılıb
“İŞİD kimi Qərb kəşfiyyat təşkilatlarının qurduğu və yetişdirdiyi terror təşkilatları bu oyuna xidmət edir”.
“Türklər, əsrlərlə İslamın bayraqdarı oldu”.
“Sələf Xəbər” “A24.az”-a istinadən xəbər verir ki, bu barədə İranın keçmiş prezidenti Mahmud Əhmədinejad TRT-yə müsahibəsində deyib.
İran İslam Respublikasına iki dönəm-8 il prezidentlik edən, kürsüdən gedəndən sonra isə media ilə təmasdan qaçan M.Əhmədinejad siyasətdən söhbət açmamaq şərtilə “TRT Haber”ə müsahibə verib. Bölgənin iki böyük gücü, Türkiyə və İranın əl-ələ verməsinin lazım olduğunu vurğulayan M.Əhmədinejad bildirib ki, İslam ölkələri arasına nifaq toxumu səpməyə cəhd edənlər var. O, bu tələyə düşməməyin vacib olduğunu söyləyib: “İslam dünyasında məzhəb savaşları salmağa çalışılır. Müsəlmanları bir-birinə qarşı qoymağa çalışırlar. Dünənə qədər yan-yana namaz qılan insanlar, bir-birlərini öldürür. İŞİD kimi Qərb kəşfiyyat təşkilatlarının qurduğu və yetişdirdiyi terror təşkilatları bu oyuna xidmət edir. Müsəlman müsəlmandır, kimsə bu oyuna getməməlidir”. Türk dilində olduqca yaxşı danışan, amma kamera qarşısında bu dildə danışmaqdan qaçan Əhmədinejad fikrini belə davam etdirib: “Türk millətinə çox böyük hörmətim var. Ona görə də onlara oturaraq səslənə bilmərəm”,-qeyd edən Əhmədinejad “siyasətdən danışmayacam” deməsinə baxmayaraq, sətir altı və ya açıq şəkildə siyasi mesajlar verib: “Türklər uca və çox şərəfli, azadlıq və ədalət tələb edən və buna görə mübarizə aparan bir millətdir. Türklər, əsrlərlə İslamın bayraqdarı oldu. Mən, bölgənin iki böyük gücü-Türkiyə ilə İranın əl-ələ verməsinin lazım olduğuna inanıram. Türkiyə çox sürətli inkişaf edən bir ölkədir. İki ölkənin də əhalisi təxminən 80 milyon və son dərəcə gəncdir. İran dünyanın ən zəngin təbii qaz və neft ehtiyatlarına sahibdir. İslam dünyasının bu iki böyük milləti əl-ələ versə, böyük uğurlar əldə etmək olar. Birgə avtomobillər və təyyarələr istehsal etmək olar. Beləliklə, bütün İslam aləminin rifahına töhfə verə bilərik”.
M.Əhmədinejad, İranın nüvə proqramı ilə bağlı da münasibətini açıqlayıb: “Bu mövzu İran üçün milli bir məsələdir. İran, nüvə silahlarının yayılmaması müqaviləsinə imza atıb və məqsədi silah yaratmaq yox, yalnız enerji əldə etməkdir. Ona görə də hər ölkənin olduğu kimi nüvə enerjisi əldə etmək İranın da haqqıdır”.
Türkiyənin Fələstin xalqının yanında dik duruşundan da bəhs edən M.Əhmədinejad sözlərini bu şəkildə tamamlayıb: “Qüds hamımızın, bütün müsəlmanların müqəddəs məkanıdır. Məscid-i Axsada törədilənlər hamımızı dərindən yaraladı, bunu əsla bağışlamarıq. İşğal altındakı torpaqlarda qan çay kimi axır. Türkiyə də Fələstinə sona qədər dəstək olur və bu bizə qürur verir”.