Ərəb Dövlətləri Liqası ABŞ-dan Yerusəlimə dair qərarı ləğv etməyi tələb edib
1. 435 dəfə baxılıb
Selefxeber.az “Eurasiadiary.com”a istinadən xəbər verir ki, Ərəb Dövlətləri Liqası (ƏDL) ABŞ-dan Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasına dair qərarı ləğv etməyi tələb edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ƏDL ölkələrinin XİN rəhbərlərinin Qahirədə keçirilən toplantısının yekunlarına dair bəyanatda bildirilir.
“Şura ABŞ-dan Yerusəlimə dair qərarı ləğv etməyi və beynəlxalq ictimaiyyətlə birlikdə İsraili BMT-nin qətnamələrinin icrasına məcbur etdirməyi, 1967-ci ilin iyunun 4-də zəbt olunmuş Fələstin və ərəb ölkələrinin ərazilərinin işğalına son qoymağı tələb edib”, – deyə bəyanatda qeyd olunur.
Ərəb ölkələri ABŞ-ın qeyd olunan qərarının beynəlxalq hüququn prinsiplərinə və BMT TŞ-in qətnamələrinə zidd olduğunu və buna görə də əhəmiyyətsiz olduğunu qeyd ediblər.
“Bu qərarın heç bir qanuni təsiri yoxdur, o yalnız sülhə nail olunması istiqamətində səyləri sarsıdır, gərginliyi artırır, qəzəbi daha da möhkəmləndirir və bütün Yaxın Şərqi zorakılıq, iğtişaşlar və qeyri-sabitliyə sürükləyir”, – deyə bəyanatda qeyd olunur.