Ərəbistanla Bəhreyn yenidən Qətərə xəbərdarlıq etdi
952 dəfə baxılıb
Səudiyyə Ərəbistan və Bəhreyn yenidən Qətərə yürütdüyü siyasətdə korrektələr etməyə, həmçinin onunla diplomatik əlaqələri kəsən ölkələrin tələblərini yerinə yetirməyə çağırıb.
Selefxeber.az “AzVizion.az”a istinadən xəbər verir ki, Bəhreynin rəsmi xəbər agentliyi olan “BNA”-nın verdiyi xəbərə görə, belə bir çağırış Bəhreyn kralı Həməd Bin İsa Əl Xəlifə və Səudiyyə Ərəbistanının vəliəhd şəhzadəsi Məhəmməd bin Salman ilə Ciddədə keçirilən görüşdə edilib.
Qeyd edək ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Yəmən, Bəhreyn, Liviya və Maldiv gözlənilmədən Qətəri terror təşkilatlarını dəstəkləməkdə ittiham edərək onunla diplomatık əlaqələri kəsiblər. Bu qərardan sonra adı çəkilən dövlətlər öz ərazilərindən Qətərə hər növ məhsul ixracını da qadağan ediblər. Eyni zamanda Qətərlə münasibətlərin yenidən bərpa olunması üçün ona qarşı 13 maddəlik tələbnamə irəli sürüblər. Qətərə təqdim olunan siyahıda İranla diplomatik münasibətlərin dayandırılması, İrandakı ofislərini bağlaması, həmçinin İranla hərbi sahədə əməkdaşlığa son qoyması, “Müsəlman qardaşlar”, İŞİD, “əl-Qaidə” və “Hizbullah” kimi terror təşkilatları ilə əlaqələri dayandırması, bu təşkilatları rəsmi olaraq terrorçu elan etməsi; “əl-Cəzirə” və digər media qurumlarını bağlaması da tələb olunur. Bundan başqa Qətərdən Türkiyənin bu ölkədə hərbi iştirakına son qoyulması tələbi də var. Qətər isə bu tələbləri qəbul etmədiyini və böhrandan çıxmaq üçün Körfəz ölkələri ilə danışıqlar aparmağa hazır olduğunu bəyan edib.