Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ermənilər iyul ayında atəşkəsi 370 dəfə pozub

Avqust 01
16:12 2016

Selefxeber.az-ın APA-ya istinadən məlumatına görə iyul ayında erməni silahlı bölmələri atəşkəs rejimini 370 dəfə pozub.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

İyul ayı ərzində erməni silahlı bölmələri Silahlı Qüvvələrimizin Ağdam,Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqelərini atəşə tutub.
Ötən ay erməni silahlı bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib. Düşmən tərəfinin snayper atəşi nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçuları baş leytenant Məmmədov Toğrul Səyyad oğlu və əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olublar.

İyul ayında da cəbhəboyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altında olub. Düşmənin ön xətdəki təxribatlarının qarşısı qətiyyətlə alınıb.
Qeyd edək ki, iyun ayında atəşkəs 655 dəfə pozulub.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonraATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Sələf Xəbər: Uca Allah Qarabağı mənfur işğalçılardan azad etməkdə xalqımıza yardımçı olsun.

Digər xəbərlər