Fransa parlamenti Fələstinin müstəqilliyini tanıdı
875 dəfə baxılıb
Fransalı qanunvericilər Fələstin Dövlətinin Fransa hökuməti tərəfindən tanınması məsələsini səsə qoyublar. Gözlənildiyi kimi, qərar Milli Assambleyada solçu siyasi qüvvələrin əksəriyyət təşkil etdiyi Aşağı Palatada səs çoxluğu əldə edib.
“Sələf Xəbər” Xalqqazeti.com-a istinadən xəbər verir ki, bu barədə “Franse-Presse” agentliyi məlumat yayıb. Agentliyin müxbiri yazır ki, sənəd parlamentdə ciddi müzakirələrdən sonra 339 səs lehinə, 151 əleyhinə olmaqla qəbul edilib. Lakin Fransa hökumətinin nümayəndəsi sənədi icra etmək niyyətində olmadıqlarını bildirib.
Qeyd edək ki, Yaxın Şərq münaqişəsinin sona çatdırılmasına çağıran sənəd tövsiyə xarakterlidir və fələstinlilərə mənəvi dəstək mahiyyəti daşıyır. Hüquqi cəhətdən Fələstinin suveren dövlət kimi tanınması Fransa hökumətinin səlahiyyətlərinə daxildir.
Siyasi təhlilçilər hesab edirlər ki, bu sənəd İsrail-Fələstin münaqişəsinin uzun onillər boyu həll olunmaması nəticəsində bölgədə ağır zorakılıqların baş verməsi ilə bağlı ictimaiyyətdə yaranmış narahatlıqları, eləcə də İsrailin siyasətinə qəzəbi əks etdirir. Düzdür, sənəd Fransa hökuməti qarşısında hüquqi öhdəlik qoymur, lakin Fransa kimi nüfuzlu bir dövlətin parlamentinin belə bir addımı, təbii ki, Fələstinə beynəlxalq səviyyədə böyük dəstəkdir.
Səsvermədən əvvəl keçirilən müzakirələr zamanı Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir deyib ki, Yaxın Şərqdə sülh və sabitlik üçün zorakılıqların baş qaldırması riski ilə son dövrdəki qədər təhlükəli olmayıb. O, virtual Fələstin dövləti üçün rəmzi səsverməni deyil, Fransanın sülh şəraitində iki dövlət variantını dəstəklədiyini bidlirib.
Xatırladaq ki, Fransa parlamentindən bir müddət əvvəl Böyük Britaniya, İrlandiya və İspaniya parlamentləri də eyni mövqedən çıxış ediblər. Bu ölkələrin qanunvericiləri də Fələstin dövlətinin müstəqilliyinin tanınmasına səs veriblər. Amma İsveç dövləti daha irəli gedərək Fələstinin müstəqilliyini rəsmən tanıyıb. İsveç Avropa İttifaqı ölkələri arasında bu addımı atan ilk dövlətdir.
Fransa mətbuatı yazır ki, parlamentdə keçirilən səsvermə bu ölkənin siyasi dairələrində ciddi mübahisələrə səbəb olub. Fransanın əsas müxalifət partiyası UMP təklifə mənfi rəy verib. Sağ mühafizəkar partiyanın lideri Kristian Ceykob məsələnin səsə çıxarılmasının Yaxın Şərqdə “alova yağ tökülməsi kimi” qiymətləndirib. O deyib ki, Fələstinin rəmzi olaraq tanınması heç nəyi həll etmir, əksinə, bölgədə gərginliyi daha da artırır.
İsrailin Parisdəki səfirliyi səsverməni “yanlış cəhd” kimi qiymətləndirərək Fransa hökumətinin münaqişənin pozitiv yolla həllinə dair mövqeyinin dəyişməz olduğunu vurğulayıb. Avropanın ən böyük yəhudi və müsəlman icmalarının vətəni olan Fransada minlərlə insan vaxtaşırı İsrailin Qəzzaya qarşı kampaniyası əleyhinə nümayişlər təşkil edilir. Yeri gəlmişkən, dünən Fransada yaşayan fələstinlilər bu qərarı böyük ruh yüksəkliyi ilə qarşılayıblar.
Sonda bildirək ki, Avropada hazırda ən yüksək siyasi dairələrdə Fələstinin müstəqil dövlət olaraq tanınmasının vacib olduğunu hesab edənlərin sıraları genişlənir. Məsələn, ötən ay İsrailin ən böyük ticarət tərəfdaşı olan Avropa İttifaqının Xarici Siyasət Departamentinin rəhbəri Frederika Moqerini İsrailə səfəri zamanı Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini bildirmişdi. İsrail rəsmisi etiraz bəyanatı ilə çıxış etmişdi.
“Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini bir gecə (Məkkədəki) Məscidülhəramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidüləqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!”
Qurani-Kərim “əl-İsra” surəsi, 1-ci ayə