“Germanwings” sərnişinlərin etibarını yenidən qazanmaq üçün bu vasitəyə əl atıb
754 dəfə baxılıb
“Sələf Xəbər” m.kp.ru saytına istinadən xəbər verir ki, “Germanwings” hava yolları şirkətinə məxsus təyyarə faciəvi şəkildə qəzaya uğradıqdan sonra, əksər sərnişinlər təyyarələrin göyərtəsinə bu hadisənin yenə baş verəcəyi qorxusu ilə minirlər.
Qeyd etmək lazımdır ki, “Germanwings” heyətlərindən birinin komandiri bu vəziyyətdən möhtəşəm bir çıxış yolu tapıb. “Facebook” sosial şəbəkəsində Britta Englis ləqəbli istifadəçi öz səhifəsində pilotların ayıq-sayıqlığı və həssaslığını qeyd edib və buna görə onlara öz minnətdarlığını bildirib.
“Dünən səhər 8:40 radələrində qarışıq hisslərlə Hamburqdan Kölnə uçan “Germanwings” şirkətinə məxsus laynerin göyərtəsinə qalxdım. Kapitan nəinki hər bir sərnişini şəxsən salamlayırdı, o, hətta uçuşdan əvvəl nitq də söylədi. Hamının onu görə bilməsi üçün, o öz nitqini kabinədən deyil, təyyarənin salonunda söylədi. Bu faciəvi hadisənin onun da heyətinə pis təsir etdiyindən, heyətinin də ümidsiz halda olduğundan, lakin hər kəsin bura könüllü şəkildə gəldiyindən danışdı. Özünün də, bütün heyət üzvlərinin də ailəsi olduğunu və axşam onlarla birgə evdə olmaq üçün əlindən gələni edəcəyini bildirdi. O, tamamilə sakit danışırdı və bütün təyyarə onu alqışladı. Mən bu kapitana təşəkkür etmək istəyirəm. O bizim həmin an nə düşündüyümüzü başa düşdü və sakit şəkildə uça bilməyimiz üçün əlindən gələni etdi” – Britta Englis yazıb.
Onun bu yazısı yüz minlərlə istifadəçi tərəfindən bəyənilib, minlərlə insan bu yazıya rəy bildirib və yazı dəfələrlə paylaşılıb.
Xatırladaq ki, çərşənbə axşamı “Germanwings” şirkətinə məxsus “Airbus A-320” sərnişin təyyarəsi Fransada Alp dağında çətinliklə gedilə bilən əraziyə çırpılaraq qəzaya uğrayıb.
Marsel prokuroru Bris Roben “Airbus A320” təyyarəsinin qəzaya uğramasının səbəbləri barədə ağlasığmaz bir versiya irəli sürüb. Bildirilir ki, ikinci pilot – 28 yaşlı Andreas Lyubits kabinənin qapısını bağladıqdan sonra bilərəkdən təyyarəni endirərək dağlara çırpıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın izni olmadan (heç kəsə) bir müsibət üz verməz”. (Qurani-Kərim, “Təğabun” surəsi, 11-ci ayə)