Hindistan və Pakistanda fəlakət: 400 nəfər ölüb
894 dəfə baxılıb
“Sələf Xəbər” Bakupost-a istinadən xəbər verir ki, Hindistan və Pakistanda son bir neçə gündə davam edən daşqınlar nəticəsində ölənlərin sayı ümumilikdə 400-ə çatıb. Ölənlərin 120-si Hindistanın nəzarəti altında olan və Pakistanla mübahisəli Kəşmir bölgəsinin sakinləridir.
Associated Press xəbər verir ki, Kəşmirdə daşqın minlərlə sakinin evlərində və damların üstündə təcrid olmasına səbəb olub. Onların xilas edilməsi üçün xilasedicilərlə yanaşı, xeyli sayda hərbçi də cəlb olunub. Kəşmirdə son 50 ilin ən güclü daşqını elektrik enerjisi naqillərinə, telefon xətlərinə ziyan vurub və on minlərlə sakini kommunikasiya vasitələrsiz qoyub.
Regionun ən böyük şəhəri olan Şrinaqar yaxınlığında onlarla insan kəndirin köməyilə çayı keçərək xilas ola bilib. Şəhərin böyük bir hissəsi su altında qalıb.
Təkcə Kəşmirdə 450 kənd su altında qalıb, 2000-ə yaxın kəndə qismən ziyan dəyib. Bölgədə bütün məktəblər, universitetlər və iş yerləri bağlanıb, içməli su və elektrik enerjisi təchizatı məhdudlaşdırılıb.
Sələf Xəbər: Uca Allah buyurur: “İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar.” (Müqəddəs Quran, “Rum” surəsi, 41-ci ayə).
Yəni müsibət və sınaqlar insanların üzərinə ağır yük kimi çökür ki, onlar öz hərəkətləri, öz həyatları haqqında fikirləşsinlər, tövbə edib Təkallahlıq yoluna yönəlsinlər. İnsan belə vəziyyətdə sağ qala bilməsi – həm sağ qalmış kəsin özü, həm də ətrafındakılar üçün möcüzə və əlamətdir. Amma, təəssüf ki, insanların əksəriyyəti öz Rəbbinin Mərhəmətinə inamsızlıq göstərir və Allahdan başqa digər ilahlara ibadət etməyə davam edirlər.
Uca Allah buyurur: “Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona yalvarırlar. (Allah) onları xilas edib quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşurlar.” (Müqəddəs Quran, “Ənkəbut” surəsi, 65-ci ayə).