İngiltərəli müsəlman idmançı din qardaşlarını “cihaddan” çəkindirdi
1. 487 dəfə baxılıb
“Sələf Xəbər” Huffington Post qəzetinə istinadən bildirir ki, ingiltərəli müsəlman kriket ulduzu Moin Əli, “İslam Dövləti ” (İD) terror xəvaric qruplaşmasına daxil olmaq niyyətində olan gənc britaniyalı müsəlmanları bundan çəkindirib.
Huffington Post qəzetinə eksklüziv müsahibəsində Əli bildirib ki, o İslam qanunlarının insanların Birləşmiş Krallıqdan çıxaraq Suriya və ya İraqdakı cihadçı qruplara qoşulub döyüşməsini icazəli görmədiyinə inanır: “Bir müsəlman kimi, biz gənclərin döyüşə getməsi barədə dəlilin olub-olmamasına baxmalıyıq…mən belə anlayıram ki, bizə ora gedib vuruşmaq icazəli deyil…bir müsəlman kimi, biz səbrli olmalıyıq…”
Təhlükəsizlik orqanlarının hesablamalarına əsasən, 500 britaniyalı müsəlman İD (əvvəllər İŞİD kimi tanınırdı), Əl-Qaidə yönümlü Cəbhə ən-Nusra və Suriya və İraqdakı digər ekstremist qruplaşmaların sıralarına qoşularaq onların tərəfində döyüşür.
Bu cür xəbərlərin hər kəsi çox narahat etdiyini bildirən Əli, gəncləri ora getməkdən qətiyyətlə çəkindirib.
İngiltərəli kriketçi Bəşər Əsəd rejiminin Suriyada törətdiyi qətllərə işarə edərək deyib: “Mən gözəl başa düşürəm ki, bu hadisələrin şahidi olmaq onları incidir. Lakin, ora getməyə hazırlaşanlar tutularaq uzun müddətlik həbsə düşə bilərlər…bu biabırçılıqdır”.
İD terror xəvaric qruplaşmasının Şimali İraqda xristianlar və yezidilərə qarşı törətdiyi vəhşiliklərdən danışan Əli bildirib: “Demək istəyirəm ki, bu islam deyil, sadəcə insanları yolundan azdırmaqdır…əgər islamı öyrənsəniz, görərsiniz ki, islam belə şeylərə qarşıdır”.
Əli mətbuatı islam dininə qarşı haqsız davranmaqda və müsəlmanların adını qaralamaqda günahlandırıb. O deyir ki, müsəlmanlarla əlaqəli hər hansı bir hadisə baş verdikdə, “Filankəs belə edib əvəzinə” “Filan müsəlman belə edib” yazırlar. Yəni, “müsəlman” sözünü mütləq vurğulayırlar. Lakin əgər hadisəni törədən qeyri-müsəlmandırsa, onun hansı dinə mənsub olduğu heç kəsi maraqlandırmır. Mətbuat bir balaca qərəzlidir”.
“Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət və hikmət sahibidir!”Müqəddəs Quran, “Tövbə” surəsi, 71-ci ayə