İran rəsmiləri Alxanlı olayına göz yumdu… – Politoloq
1. 198 dəfə baxılıb
Müsəlman dövlətləri və Azərbaycanın yaxın qonşuları mülki vətəndaşlara qarşı bu əməli “insanlığa qarşı cinayət” adlandırıb, Ermənistan hakimiyyətini kəskin tənqid ediblər.
Selefxeber.az xəbər verir ki, bu sözləri politoloq Əlirza Zamani iyulun 4-də Ermənistan hərbi bölmələrinin Füzuli rayonunun Alxanlı kəndinə hücumuna dost, qonşu İranın münasibəti haqda “Axar.az”a danışarkən deyib. O, İranın rəsmi dairlərinin hadisəyə gözlənilən reaksiyanı vermədiyini bildirib:
“Təxribatdan dərhal sonra bütün müsəlman ölkələri bu hadisəyə münasibət bildirərək, Azərbaycanın mövqeyini dəstəkləməklə yanaşı Ermənistanın işğalçı siyasətini ciddi şəkildə pisləyib. Dost, qonşu və müsəlman ölkələr arasında İran İR-nın reaksiyasının isə gözlənilən səviyyədə olmadığı daha çox gözə çarpır. Bütün dünyada müsəlmanların hamisi kimi özünü təqdim edən və məzlum müsəlman xalqların daim yanında olduğunu bəyan edən İran rəsmiləri hadisə ilə bağlı yalnız səfirlik səviyyəsində reaksiya bildirib. İndiyə qədər İran rəsmilərindən heç biri hadisəyə münasibət bildirməyib.
Azərbaycanda baş verən siyasi, ictimai və sosial məsələlərlə bağlı daim fikir bildirən və bəzi hallarda Azərbaycan mediasında hər hansı bir yazıya görə fitva verən iranlı din xadimləri də bu hadisəyə münasibət bildirmək istəməyib”.
Əlirza Zamani İranın Ali dini rəhbəri Ayətullah Xameneinin Qarabağ münaqişəsi haqda fikirlərini xatırladıb:
“Qarabağ islam torpağıdır və orda baş verənlərə qarşı İran İslam Respublikası biganə qala bilməz”, – deyən İranın Ali dini rəhbəri Ayətullah Xamenei və ya onun nümayəndələri, müşavirləri, ya da onun aparatı heç bir bəyanat verməyib. İran rəsmiləri bəzən dünyada baş verən hadisələrə sosial şəbəkələrdə münasibət bildirərdilər. Lakin bu hadisə ilə bağlı heç bir rəsmi İran rəhbərliyi sosial şəbəkələrdə açıqlama və ya status belə yazmayıb.
Bütün bunlara baxmayaraq, İran əhalisinin əksəriyyətini təşkil edən Azərbaycan türkləri hadisə ilə bağlı bütün sosial şəbəkələrdə Zəhranın qətlə yetirilməsi ilə bağlı öz etirazlarını bildirib. Hətta bununla bağlı beynəlxalq təşkilatlara müraciətlər ünvanlamaq məqsədi ilə imza toplama kampaniyalarına da başlayıb.
Həmyerlilərimiz “PrayForZahra” adlı imza toplama kampaniyası yaradaraq, dünyanın “oyanıq vicdanlı şəxslərinə” müraciət ünvanlamağa başlayıblar. Müraciət bütün dünyada insan haqları müdafiyə təşkilatlarına, Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumlarına, İran dövləti rəhbərlərinə və s. ölkələrdə olan sosial şəbəkə istifadəçilərinə göndəriləcək. İndiyə qədər 5 min nəfər imza toplama kampaniyasında iştirak edib”.