İranda böyük etiraz dalğası – FOTO
1. 433 dəfə baxılıb
İranın strateji olaraq ən əhəmiyyətli şəhərlərindən sayılan və böyük neft yataqlarının olduğu Ahvaz şəhərində İran rejiminə qarşı etiraz aksiyaları yeddinci gününü başa vurub.
Selefxeber.az-ın məlumatına görə, “Publika.az” xəbər verir ki, etiraz aksiyalarının son günündə İran İslam İnqilabı Keşikçilər Korpusuna (SEPAH) aid bir qərargah yandırılıb, onlarla inqilab gözətçisi insanlar tərəfindən döyülüb.
Etiraz aksiyaların genişlənməsi ilə əlaqədar olaraq bölgədə internet xətti kəsilib və valilik qarşısında aksiyalar qadağan edilib. Arabi21.com xəbər saytı təhlükəsizlik güclərinin aksiyalara müdaxilə nəticəsində Həsən əl-Bogbiş adlı bir nümayişçinin həyatını itirdiyini yazıb.
İnqilab gözətçilərinin döyülməsindən sonra İran Prezidenti Həsən Ruhani Ahvaz valisi və daxili işlər naziri ilə təcili toplantı keçirib.
İranın dini lideri Əli Xamneyi hökuməti təcili olaraq bölgədə keçirilən aksiyaların genişlənməməsi üçün tədbirlər görməyə çağırıb. İran İslam İnqilabı Keşikçilər Korpusu təhlükəsizlik məntəqələrinə yaxınlaşanların həbs olunacağını açıqlayıb. İranlı səlahiyyətlilər getdikcə genişlənən aksiyaların icazəsiz olduğunu bildirirlər. İran dövlət televiziyası isə səssizliyini qoruyub saxlayır.
Ahvaz şəhərinin daxil olduğu Xuzestan vilayəti İranın cənubi-qərbində yerləşir. Vilayət zəngin neft yataqları ilə strateji əhəmiyyətə sahibdir. Ahvaz Marundan sonra ölkənin ən böyük sahil nefti yatağı kimi tanınır. Xuzestan vilayəti İranın nüvə enerji mərkəzi olan Buşehrə yaxınlığı ilə də diqqət çəkir.
Ötən ay Ahvazda iki neft boru xəttində partlayış törədilib. Partlayışa görə məsuliyyəti “Ahvazın Azadlığı üçün Ərəb Mübarizə Hərəkatı” adlı qrup üzərinə götürüb. Qrup 2017-ci ildə əvvəlki illərlə müqayisədə daha aktiv olacağını açıqlayıb. Xuzestan vilayətindən 500 min -1 milyon ərəb mənşəli insanın yaşadığı bildirilir.
Qeyd edək ki, son qum fırtınasından sonra bölgədə elektrik və su nəqlində ciddi fasilələr yaranıb. Bu isə yerli əhalinin etirazına səbəb olub. Dünya Səhiyyə Təşkilatının 2015-ci ildə açıqladığı məlumata görə, Ahvaz dünyada ən çirkli havası olan şəhərdir. Bir milyon əhasi olan şəhərin ətrafındakı neft müəssisələri yaratdığı çirkliliyə səlahiyyətlilərin laqeyd münasibəti xalqı partlama nöqtəsinə gətirib.