İŞİD-in “özü böyük, ürəyi böyük” əsiri
2. 019 dəfə baxılıb
“Sələf Xəbər” The Guardian qəzetinə istinadən xəbər verir ki, “İslam Dövləti” terror xəvaric qruplaşması döyüşçülərinin öldürməklə hədələdiyi sonuncu əsir, İngiltərəli taksi sürücüsü Alan Henninqdir.
O, Suriyaya gedən müsəlman dostlarından ibarət yardım konvoyuna qoşulmuş və nəticədə qruplaşmanın əlinə keçmişdir.
Dostlarının “özü böyük, ürəyi böyük” insan kimi təsvir etdiyi Alan Henninq, konvoyun ölkəyə daşıdığı tibbi avadanlıqların alınması üçün vəsait toplamağa yardım etdikdən sonra, könüllü şəkildə humanitar missiyaya qoşulmaq istədiyini bildirmişdir.
Türkiyə sərhədini keçdikdən sonra nəqliyyat vasitələri maskalı silahlılar tərəfindən saxlanılmış və 47 yaşlı Henninq dostlarından ayrı düşmüşdür. Qruplaşma üzvləri digər şəxsləri sərbəst buraxaraq Britaniyaya qayıtmalarına izn vermişdir.
O vaxtdan etibarən, konvoy üzvləri və Henninqin ailə üzvləri Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin məsləhəti ilə onun acınacaqlı aqibəti barədə susublar. Lakin, onun azad edilməsi üçün gizli şəkildə danışıqlar aparmağa cəhd edilib.
“İslam Dövləti” terror xəvaric qruplaşmasının yayımladığı son video görüntüdə Henninq göstərildikdən və adı çəkildikdən sonra, Böyük Britaniya Xarici İşlər Nazirliyi KİV-ə onun kimliyinin müəyyən olunmaması barədə irəli sürdüyü tələbi geri götürüb və Henninqin Suriyaya gedərkən çəkdirdiyi şəkli yayıb.
Qruplaşmanın yaydığı və “Amerikanın müttəfiqlərinə ismarıc” adlı videoda ilk olaraq şotlandiyalı humanitar təşkilat işçisi Deyvid Heyns göstərilir və öz ölümündə Devid Kameronu və Britaniyanın Amerika Birləşmiş Ştatları ilə münasibətlərini günahlandırmağa vadar edilir. Daha sonra Heynsin başının kəsilərək öldürülməsi görüntülənir.
Qatilin səsi və səciyyəvi London ləhcəsindən onun Amerikalı jurnalistlər Ceyms Foli və Stiven Sotloffun videoyazıya alınmış qətllərində məsul olan şəxs olduğu güman edilir. 2, 5 dəqiqəlik video görüntünün sonunda, qatil Henninqə geyindirdikləri narıncı kombinezonun yaxasından tutur. Bıçağı əsirə tərəf tuşlayan qatil bunları deyir: “Kameron, əgər sən İslam Dövləti ilə mübarizə aparmağa davam etsən, onda sahibin Obama kimi öz sakinlərinin qanını əlinə yaxmış olacaqsan”.
Henninqin qaçırılması, konvoyu təşkil etmiş könüllü yardım işçilərindən ibarət qrup üzvlərini kədərləndirib, onların yaşadığı müsəlman icmaların bəzi üzvlərinin isə qəzəbinə səbəb olub. Onlar hesab edirlər ki, həyati təhlükə olduğuna görə, qeyri-müsəlmanın missiyaya qoşulmasına icazə verilməməli idi. Bu onun Suriyaya ikinci səfəri olub – 9 ay əvvəl Suriyaya ilk səfərində onun başına heç bir hadisə gəlməyib.
Henninq, Suriyanın İdlib şəhərində yerləşən xəstəxana üçün defibrilyator, stetoskop, oksigen və keçmişdə Səhiyyə Nazirliyinə məxsus olmuş təcili yardım maşınları da daxil olmaqla bir çox tibbi avadanlıq almaq üçün vəsait toplamış könüllülərin arasında olub.
Vəsait toplamağa yardım etdikdən sonra, o bayramı həyat yoldaşı və yeniyetmə övladları ilə keçirmək əvəzinə, konvoya qoşulmaqda israr edib. Təşkilatçılardan biri, Boltonlu taksi sürücüsü Kasim Cəmil Alan haqqında bunları deyib: “Alan ürəyi mərhəmətlə dolu bir insandır və biz Allaha dua edirik ki, o sağ-salamat azad edilsin. Biz səlahiyyətli orqanlarla əlaqə saxlayırıq və onu təhlükəyə atacaq və ya vəziyyəti daha da qızışdıracaq nəsə demək istəmirik. Mən Alanın etdiyi yaxşılıqlar və qeyri-müsəlman kimi, münaqişədə əziyyət çəkən müsəlmanlara necə kömək etdiyi barədə çox şey deyə bilərəm. O təkcə konvoya kömək etməklə yox, həm də bir çox başqa yollarla başqalarını ruhlandırırdı. O digərlərinə kömək etməyə can atan çox yaxşı bir insandır. O sadəcə yaxşılıq etmək istəyən adi bir taksi sürücüsüdür. Biz bütün gün onun barəsində düşünür və dua edirik ki, ona evinə, ailəsinin yanına qayıtmağa icazə versinlər”.
Konvoy keçən ilin dekabr ayının 20-si Boltondan yola düşüb. Cəmil yerli Bolton News qəzetinə verdiyi müsahibədə bildirib ki, onları bu işə həmin ilin əvvəllərində Londonlu cərrah-ortoped Abbas Xanın Suriyada həbsxanada ölümü ruhlandırıb.
Bu, eyni qrupun təşkil etdiyi ikinci konvoy olub: mart ayında təşkil olunmuş konvoyda, qrupa şotlandiyalı müsəlmanlar da qoşulmuşdu. Qrup üzvləri İdlibə 7 təcili yardım maşını, tibbi avadanlıq və uşaqlar üçün süd daşıyıb.
Suriyaya yollanan yardım konvoyları haqqında sənədli film hazırlayan və məhz o zaman Henninqlə tanış olan BBC kanalının jurnalisti Ketrin Nay onu sevimli və məzəli bir insan kimi təsvir edib. Onun sözlərinə görə, Alan ona Suriyaya ilk səfərindən çox təsirləndiyini deyib: “Bu səfər onun həyatında böyük dəyişikliyə səbəb olan bir təcrübə olub. O yardımları paylayıb. Mənə uşaqları qucağında tutduğunu və bunun ona necə təsir etdiyini təsvir edirdi. O mənə dedi ki, yenə ora qayıtmalıdır”.
Lakin bu il, Birləşmiş Krallıq hökuməti Suriyaya yardım daşıyan Britaniyalı müsəlmanlara heç bir halda bu ölkəyə səyahət etməmələri üçün xəbərdarlıq edib.
Duvr şəhər polisi Cəmilə Suriyaya getməməyi tövsiyə edib. Xeyriyyə Komissiyası isə xəbərdarlıq edib ki, yardım konvoylarının daşıdığı mallar qeyri-xeyriyyə məqsədləri üçün sui-istifadə oluna bilər. Polis könüllülərin yardım konvoyu təşkil etmək əvəzinə, münaqişə qurbanlarına ianələr şəklində yardım etmələri barədə vərəqələr paylayıb və bəzi könüllülərin evlərinə baş çəkərək, onları Suriyaya getməkdən çəkindirib.
Sələf Xəbər: XX-ci əsrin məşhur İslam alimi Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhusulət-təfsir, 1-ci kasset, A tərəfi).