İsrail Türkiyəyə 20 milyon dollar təzminat ödəyəcək
905 dəfə baxılıb
İki ölkənin səfirliklərinin fəaliyyəti bərpa ediləcək, geri çağırılan səfirlər yenidən göndəriləcək.
Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasına dair razılaşmanın detalları məlum olub.
“Sələf Xəbər”in Lent.az-a istinadən verdiyi xəbərə görə, ilkin razılaşmanı İsveçrədə İsrailin Baş naziri Benyamin Netanyahu və Türkiyə Xarici İşlər nazirliyinin aparat rəhbəri Firudin Sinirlioğlu imzalayıblar.
Razılaşmanın maddələri bunlardır:
1. İsrail tərəfi hadisə zamanı ölən 10 Türkiyə vətəndaşının ailələrinə 20 milyon dollar təzminat ödəyəcək.
2. İki ölkənin səfirliklərinin fəaliyyəti bərpa ediləcək, geri çağırılan səfirlər yenidən göndəriləcək.
3. Türkiyə İsrail hərbçilərinə qarşı məhkəmə prosesindən imtina edəcək. Bu barədə Türkiyə Böyük Millət Məclisində qanun qəbul ediləcək.
4. HAMAS təşkilatının Türkiyədəki fəaliyyəti məhdudlaşdırılacaq. Təşkilatın liderlərindən sayılan Salih əl-Aruri Türkiyədən deportasiya ediləcək. Əl-Aruri İsrail hərbçisini qaçıraraq, öldürməkdə təqsirləndirilir.
5. Təbii qazla bağlı müzakirələr aparılacaq. Razılaşma imzalandığı gündən Türkiyə və İsrail bu sahədə birgə fəaliyyət göstərəcək, İsrail qazının Türkiyə və Avropaya nəqli üçün boru xətti tikiləcək.
Qeyd edək ki, İsrail hərbçiləri 2010-cu il mayın 30-da Qəzzaya humanitar yardım aparan Türkiyəyə məxsus “Mavi Mərmərə” gəmisində olan 10 nəfəri öldürüb. Bu hadisədən sonra iki dövlət arasında münasibətlər gərginləşib, diplomatik əlaqələr kəsilib.