Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Kembricli tələbə Avropanın ilk “Eko-məscidinin” müəllifi oldu – FOTO

Oktyabr 03
17:25 2014

“Sələf Xəbər” aawsat.net saytına istinadən bildirir ki, dünyanın ən prestijli universitetlərinin vətəni olan Kembric şəhərində Avropanın ilk ekologiyaya dost məscidinin tikilməsi üçün layihə işlənib hazırlanıb.

Layihənin müəllifi, Kembric Universitetinin 23 yaşlı tələbəsi Baraka Xan hesab edir ki, “müsəlmanın inşa etdiyi hər bir məscid və ya tikili “yaşıl” olmalıdır, yəni, təbiətlə dost olmalıdır.”

Xan Kembricə siyasət elmləri üzrə təhsil almağa gəlib, lakin az sonra ona ağciyər xərçəngi diaqnozu qoyulub. Lakin bu nə onun əzminə, nə də onu məscid inşa etməyə ruhlandıran təhsildənkənar fəaliyyətinə mane olmayıb.

“İnsanlar Allahın yer üzərində xəlifələridir (varisləridir), odur ki,onlar varisi olduqlarının qayğısına qalmalıdırlar”, Xan sözlərinə əlavə edib.

“Kembric Universitetində təhsil almağa başlayandan sonra, burada oxuyan müsəlman tələbələrin icmasından təsirləndim və insanların bizim inancımız barədə maariflənməsi üçün fəaliyyətlərə qoşulmağa başladım. Müsəlman tələbələr camaat namazları qılmaq, dini dərslər tədris etmək və Quran öyrənmək üçün kiçik, adamla dolu, müvəqqəti məscidə çevrilmiş otaqda müntəzəm olaraq toplaşırdılar. Bütün ibadət edənlərin yerləşə bilməsi üçün yeni, geniş məscidin tikilməsi ideyası belə yarandı.”, o deyib.

Eyni anda 1000 nəfərin ibadət edə biləcəyi Kembric məscidi demək olar ki, tamamilə yaşıl enerjidən asılı olacaq. Məscidi enerji ilə təmin etmək üçün demək olar ki, karbon qazı istifadə olunmayacaq. Məscid binası il boyunca məscidin dizaynına inteqrasiya edilmiş böyük mansarda pəncərələri ilə təbii şəkildə işıqlandırılacaq. Məscidin yaşıl damı və temperaturu tənzimləmək üçün hava ilə işləyən istilik nasosu olacaq. “İslamın xüsusilə qərbdə imicini yaxşılaşdırmağa ehtiyac var, onazorakılıq və terrorçuluq ittihamlarından qurtulmağa kömək etmək lazımdır.”, Xan deyir.

Layihə müəllifin fikrincə, “təbiətlə dost binaların tikilməsini təşviq etmək və ətraf mühitin qayğısına qalmaq buna müsbət təsir göstərə bilər”.

Binanın layihəsini əfsanəvi London Gözünün müəllifi olan dizayner Marks Barfild işləyib hazırlayacaq. Dizaynerin sözlərinə əsasən, məqsədi ənənəvi islam memarlığı motivlərini Avropanın qotik üslubu ilə sintez edərək iki mədəniyyəti bir dam – və ya bir günbəz altında birləşdirməkdir.

Uels şahzadəsinin əsasını qoyduğu Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin islam memarlığı və müqəddəs incəsənət üzrə mütəxəssisi Professor Keyt Kriçlou məscidin inşası zamanı bir sıra dizaynlar işləyib-hazırlaması üçün layihəyə cəlb edilib.

Xanın ağlına belə bir məscidin inşası barədə fikir gəldikdən sonra, Kembricin nəzdindəki “Muslim Academic Trust” xeyriyyə təşkilatı Xanın köməyi ilə məscidin inşası üçün maliyyə vəsaiti toplamaq məqsədilə kampaniya həyata keçirərək tikilinin planını yerli şuraya təqdim edib. Yerli şura tikilinin planını 2012-ci ildə təsdiqləyib.

Xeyriyyə təşkilatının sədri və Kembric məscidi layihəsinin rəhbəri, Britaniyalı islam alimi, həmçinin şeyx Abdul Hakim Murad kimi tanınan Professor Timoti Vinter Asharq Al-Awsat qəzetinə müsahibəsində bildirib: “Biz layihənin təqribən 18 milyon britaniya funt sterlinqinə (29 milyon ABŞ dolları) başa gələcəyini güman edirik. Biz bu günə qədər təqribən 6.2 milyon funt sterlinq [10 milyon ABŞ dolları] toplaya bilmişik”. O sözlərinə əlavə edib ki, “layihə tamamilə ianələrdən asılıdır. Bu günə qədər çoxu Honq-Konq və İndoneziyadan olan 7 min insan layihənin inşasına kömək edib”.

Əldə edilən son rəsmi rəqəmlərə əsasən, Kembricdə müsəlmanların sayı təqribən 2500-4000 nəfərdir. Kembricdə mövcud olan yeganə “Əbu Bəkr” məscidinin imamı Səcəd Məkik “Asharq Al-Awsat” qəzetinə müsahibə verərkən demişdir: “(Yeni) Kembric məscidində eyni zamanda çoxlu sayda mömin ibadət edə biləcək, bu da [şəhərdəki] digər kiçik ibadət yerlərində sıxlığı azaldacaq. Hal-hazırda biz kiçik (Əbu Bəkr) məscidinə gələn bütün ibadət əhlini qəbul edə bilmirik. İbadət edənlərin sıraları küçəyə qədər gedib çıxır, bu da küçə hərəkətini ləngidir. Bayramlar kimi dinimərasimlər zamanı müsəlmanların sayı 2000-i ötür və onları yerləşdirə bilmək üçün, biz məscid əvəzinə idman sahəsinə toplaşmalı oluruq”, o deyib.

“Kembric məscidi şəhərdə ibadət üçün inşa edilmiş ilk məscid olacaq və hər kəsin – müsəlmanlarla bərabər qeyri-müsəlmanların da üzünə açıq olacaq.”, Məkik əlavə edib. “Biz məscidin inşası ilə ərazini abadlaşdırmaq və daha da gözəlləşdirmək istəyirik. Bu məqsədlə 2 park inşa etməyə qərar vermişik. Birinci park məscidin ətrafında olacaq və hamıya açıq olacaq, ikinci park isə məscidin içində olacaq və ibadət edənlər və onların uşaqları üçün nəzərdə tutulacaq.”

📷

sx-news-719a

 Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim Allahın üzünü diləyərək bir məscid tiksə, Allah onun üçün Cənnətdə buna bənzər (bir ev) tikər.” (Muslim).

İmam Nəvəvi (Allah ona rəhmət etsin) bu hədisi belə təfsir etmişdir: “Yəni, həmin insanın cənnətdəki evi, öz dəyərinə görə, cənnətdəki başqa evlərin hamısından üstün olacaqdır, necə ki, məscid öz dəyərinə görə, bu dünyadakı evlərin hamısından üstündür.” (“Şərh Muslim”).

Digər xəbərlər