Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

KİV: 2 təyyarə qəzası Malaysia Airlines şirkətinin mövcudluğunu təhlükə altına atıb

İyul 22
12:14 2014

“RİA Novosti” xəbər verir ki, Ukraynanın hava məkanında, ölkənin şərq regionları üzərində vurulmuş avialayner qəzaya uğramazdan 4 ay əvvəl, cari ilin mart ayında, Hind okeanı üzərində eyni tipli təyyarə yoxa çıxmışdı.

Qeyd edək ki, bu təyyarənin taleyi hələ də naməlum olaraq qalıb. Hər iki Boeing tipli təyyarə, Malaysia Airlines şirkətinə məxsus olub. Frankfurter Allgemeine Zeitung qəzeti yazır ki, bu ardıcıl bədbəxt hadisələr, sözün əsl mənasında şirkətin məhvinə səbəb ola bilər.

Son yarım ildə Malayziya milli aviaşirkətinə məxsus təyyarələrin qəzaya uğraması nəticəsində 537 sərnişin, o cümlədən şirkətin 27 əməkdaşı dünyasını dəyişmişdir.

Frankfurter Allgemeine Zeitung qəzeti yazır: “Şirkət onsuz da ucuz daşıyıcılarla rəqabətdən (məsələn, Malayziyaya məxsus Air Asia şirkəti), yanacağın qiymətinin qalxmasından və işçi heyətinin sayının çoxluğundan əziyyət çəkir. Bu qəzalar isə, Cənubi-Şərqi Asiyanın ən böyük şirkətlərindən biri olan Malayasia Airlines şirkətinin vəziyyətini daha da ağırlaşdıra bilər. Verilən məlumatlara əsasən, son 10 il ərzində

Malaysia Airlines şirkətinin dövriyyəsi təqribən 1,2 mlrd. avro təşkil edib. Bu ilin mart ayında MH370 reysi ilə hərəkət edən təyyarənin müəmmalı şəkildə yoxa çıxmasından sonra, şirkətin maliyyə problemləri daha da ciddiləşib – biletlərin satışı azalıb, əksər sərnişinlər uçuşlardan imtina edib. Keçən kvartal ərzində şirkətə dəyən ziyanın məbləği 100 milyon avrodan çox olub. Şirkətin nüfuzuna böyük xələl gəlib”.

Qəzada dünyasını dəyişmiş sərnişinlərin ailələri, şirkətin informasiya siyasətinə öz ciddi narazılıqlarını bildiriblər. Belə ki, bu siyasətin nəticəsi olaraq, qəzanın sui-qəsd nəticəsində baş verdiyi barədə çoxsaylı fərziyyələr irəli sürülmüşdü.

Hal-hazırda Malaysia Airlines şirkətinin gələcək taleyi barədə müzakirələr aparılır. Dövlətin şirkətin taleyinə müdaxiləsi və ya şirkətin tamamilə müflisləşməsi də istisna olunmur. Nəzərdə tutulan variantlardan biri, şirkətin aktivlərinin özəlləşdirilməsidir. Lakin, bu addımın atılması üçün, 20 min işçinin maraqlarını təmsil edən həmkarların ittifaqının razılığı əldə olunmalıdır.

Aviaşirkətin icraçı direktoru Əhməd Cövhəri Yəhya (Ahmad Jauhari Yahya), səhmdarların iyun ayında k0eçirilmiş iclasında bildirib ki, “radikal” qərarlar da daxil olmaqla, bütün variantları nəzərdən keçirmək lazımdır. O, həmçinin, biznesin “əhəmiyyətli dərəcədə inkişafını” vurğulamışdır. Lakin, Ukrayna səmasında baş vermiş fəlakətdən sonra, Malaysia Airlines şirkətinin səhmləri dərhal 11% ucuzlaşıb..

Şirkətin maliyyə problemlərinin getdikcə daha da ağırlaşacağı gözlənilir. Buna səbəb həm də yüksək müavinət ödəmələri və milyonlarla dollara başa gələ biləcək iddia tələbləri olacaq. Frankfurter Allgemeine Zeitung qəzeti yazır ki, Malaysia Airlines şirkəti, Ukraynada həlak olmuş sərnişinlərdən hər birinin ailəsinə 5000 ABŞ dolları ödəyəcəyini bəyan edib.

2001-ci ildə baş vermiş faciə təkrarlanır?
Malayziyaya məxsus təyyarənin qəzaya uğramasının səbəbləri hələ də məlum deyil. Aprel ayından etibarən, hadisənin baş verdiyi ərazidə Ukrayna Silahlı Qüvvələri, fevral ayında baş vermiş dövlət çevrilişindən narazı qalmış Donbas sakinlərinə qarşı antiterror əməliyyatı həyata keçirir. Əməliyyatlarda aviasiya, ağır artilleriya və yaylım atəşi sistemləri tətbiq edilir.

Mütəxəssislərin rəyinə əsasən, Ukrayna ordusunun istifadə etdiyi hərbi texnika, ölkəyə Sovet İttifaqı dövründən miras qalıb və hərbi əməliyyatlar zamanı bu hərbi texnikanın tətbiqi, 2001-ci ildə Ukraynanın Qara dəniz üzərində vuraraq saldığı sərnişin təyyarəsinin aqibətinin təkrarlanmasına gətirib çıxara bilər. 2001-ci ildə, Havaəleyhinə Müdafiə Qoşunlarının təlimləri zamanı, S-200 raket kompleksi vasitəsilə Rusiyaya məxsus, Tel-Əviv-Novosibirsk marşrutu ilə hərəkət edən Tu-154 tipli təyyarə vurulmuşdu. Qəza nəticəsində 78 nəfər – əksəriyyəti İsrail vətəndaşları olan 66 sərnişin və 12 heyət üzvü dünyasını dəyişmişdi.

 Sələf Xəbər: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 154-cü ayə)

“Yer üzündə yaranan səbəblər, hətta ən mühümləri, insana o vaxt fayda verə bilər ki, onlar Allahın qədərinə (taleyə) zidd olmasın. Əgər onlar bunlara zidd olarsa, onda insanın taleyinə təsir göstərə bilməz, çünki məxluqların həyatı və ölümü Lövhi-məhfuzda yazılanlardan bilavasitə asılıdır.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər