Londonda kişi hicablı qadını metro qatarının altına atmaq istəyib – VİDEO
1. 023 dəfə baxılıb
Kişi qadının arxasında dayanmışdı.
Britaniyada kişi müsəlman qadını öldürməyə cəhddə ittiham edilir.
O, müsəlman qadını dəmiryoluna, metro qatarının altına atmaq istəyib.
Müşahidə kamerasının qeydə aldığı videoda Londonda kişinin hicablı müsəlman qadının arxasında platformada dayandığı görünür.
Qatar tuneldən çıxdıqdan sonra o, qadını itələyir.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, qadın qatarın vaqonuna çırpılıb, daha sonra platformaya yıxılıb.
Platformada olan sərnişinlər ona ayağa qalxmağa yardım ediblər. Hadisənin Londonun “Pikadili meydanı” stansiyasında baş verdiyi məlumdur. Qadın yüngül xəsarətlər alıb.
Təqsirkar 81 yaşlı yapon Yoşiyuki Şinoxara olub, “Daily Mail” yazır. Təqaüdçü həbs edilib və məhkəməyə qədər göz altında saxlanılacaq, KİV-in yaydığı məlumata görə, məhkəmə noyabrın 25-də baş tutacaq.
KİV qeyd edir ki, polis kişinin hücum motivlərini aydınlaşdırır. Onu bu hərəkətə Parisdə baş verən hadisələrin sövq etməsi də istisna edilmir, hadisə noyabrın 13-də məhz terror aktları baş verən gün olub.
Videonun tarixi qeyd edilən orijinalı “Independent”də yerləşdirilib.
Sələf Xəbər: Bu ədalətsiz və amansız müharibələr Qərb ölkələrində terror aktları törədən xəvariclərin hərəkətlərinin nəticəsi oldu. Bu sözdə “islam uğrunda döyüşçülər” adlandırılan kəslərdən soruşmaq istərdik ki, siz İslama hansı xeyir gətirdiniz? Qərb ölkələrinin bir neçə min günahsız vətəndaşını öldürüb, nəyə nail oldunuz?
Bu düşüncəsiz terror aktları nəticəsində, qərb ölkələri, terrorçuluqla mübarizə bəhanəsi ilə, Əfqanıstana və İraqa zorla girdilər. Müsəlmanların qanı töküldü, bir çox insanlar evlərini və daimi yaşayış yerlərini itirdi, həmin ölkələrin iqtisadiyyatı isə dağıldı.
Dünya cəmiyyəti gözündə İslam zorakılıq və qəddarlıq dini kimi təqdim edildi, insanlar saqqallı kişilərdən və hicablı qadınlardan və İslamla bağlı olan hər şeydən qorxmağa başladılar. Bu hal elə bir miqyasa çatdı ki, demək olar hər bir müsəlman bunu öz üzərində hiss edə bildi. Fəsadçı insanlardan ibarət kiçik bir qrupun milyardlıq müsəlman icmasının həyatına göstərdiyi təsir heyrətləndiricidir.
Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhu usul ət-təfsir, 1-ci kaset, A tərəfi)
Uca Allahdan dünya müsəlmanlarına səbir verməsini və onların Tək Ona edilən ibadətlərini asanlaşdırmasını diləyirik. Amin! Necə ki, Uca Allah buyurur: “Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir”. (Qurani-Kərim, “Şərh” surəsi, 5-ci ayə)