Müsəlman Parisdəki terror aktı zamanı insanları xilas edib
872 dəfə baxılıb
“Sələf Xəbər” www.huffingtonpost.com saytına istinadən xəbər verir ki, silahlı terrorçu Parisdə yerləşən Hyper Cacher koşer mağazasını mühasirəyə aldıqda, mağazanın Lassana Batili adlı işçisi bir neçə alıcını iri soyuducuda gizlətməklə onların həyatını xilas edib.
Amedi Kulibali adlı terrorçunun marketə daxil olaraq atəş açması nəticədə 4 nəfər həlak olub. O, bir neçə alıcını girov götürərək onları Şərif və Səid Kuaçinin “Charlie Hebdo” satirik jurnalına hücum edərək 12 nəfəri qətlə yetirdikdən sonra gizləndiyi mətbəəyə polislərin hücum etdiyi halda öldürəcəyini bildirib.
Fransız mətbuatı tərəfindən malili müsəlman olduğu bildirilən Lassana bir neçə alıcının təhlükəsizliyini təmin etməyə nail olub. 24 yaşlı Batili BFMTV kanalına verdiyi müsahibəsində bildirib: “Mən soyuducu olan mərtəbəyə endim, qapısını açdım, mənimlə birgə bir neçə insan da ora daxil oldu. İşıqları və soyuducunu söndürüb dedim ki, sakitcə burada otursunlar. Onlar çıxandan sonra, mənə təşəkkür etdilər”.
Batilinin mağazanın zirzəmisində yerləşən soyuducuda dəqiq neçə nəfəri gizlətdiyi məlum deyil. Şəhər şurasının üzvü Malik Yettu bildirib ki, bir körpə də olmaqla 6 nəfər orada gizlənməklə canını silahlı şəxsdən qurtara bilib. BFMTV isə gizlənənlərin sayının 15 nəfərə çatdığını bildirib. Marketin digər bir işçisi isə təhlükəsizlik çıxışı vasitəsilə qaçaraq mağazanın açarlarını polisə təhvil verib. Polis eyni zamanda mətbəəyə və supermarketə basqın edərək Kuaçi qardaşlarını və Kulibalini qətlə yetirib.
Batili BFMTV kanalına bildirib ki, o mağazadan yük lifti vasitəsilə çıxmağı bacarıb. Polislərlə qarşılaşdıqda, onlar əvvəlcə Batilinin terrorçulardan biri olduğunu zənn ediblər. “Onlar mənə dedilər ki, yerə uzan, əllərini başının arxasına qoy. Məni qandalladılar və onlardan biri kimi bir saat yarım saxladılar”-deyə Batili bildirib. Batilinin sözlərinə əsasən, daha sonra o polisi mağazanın mərtəbə planı barədə məlumatlandıraraq onların işinə kömək edib. Gənc oğlan sosial mətbuatda qəhrəman kimi təqdim edilib və hücuma görə bütün müsəlmanları şərləməyin yalnış olduğu bir daha xatırladılıb.
Sələf Xəbər: XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayya əl-asriyyə” 47)