Paulo Koelho Quranı “Dünyanı dəyişdirən kitab” adlandırdı
844 dəfə baxılıb
Dünyaca məşhur yazıçı, bir çox əsərin müəllifi Paulo Koelho İslam dinini və onun müqəddəs kitabı Qurani-Kərimi öz “Facebook” səhifəsində müdafiə edib.
“Sələf Xəbər”in “Al-Arabiyya”ya istinadən məlumatına görə, braziliyalı yazıçı “Facebook” səhifəsində “Dünyanı dəyişdirən kitablar” başlığı altındakı bölmədə Qurani-Kərimin şəklini yerləşdirib. Onun bu hərəkəti 36 000 bəyənmə və 3000-dən çox paylaşım ilə sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
Hiba B.Dakkak adlı bir ərəb qızı, şəklin altına Quran haqqında “Doğrudur, şiddət və qətliamın qaynağı” deyə birmənalı qarşılanmayan şərh yazıb.
Yazıçı isə öz etirazını bu sözlərlə bildirib: “Bu, düzgün deyil. Biz xristianlar əsrlər boyu inancımızı qılınc gücü ilə yaymağa çalışmışıq. “Səlibçi” sözünün lüğətdəki mənasına baxa bilərsən. Qadınları cadügərliklə ittiham edərək yandırırdıq. Elmi naliyyətlərin qarşısını Qalileo Qaliley kimi insanları qətl edərək dayandırmağa çalışırdıq. Buna görə də dini yox, ondan öz məqsədləri üçün sui-istifadə edənləri günahlandırmaq lazımdır”.
Yazıçının şərhə verdiyi cavab isə “Facebook” səhifəsində daha 5000 nəfər tərəfindən bəyənilib.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir”. (Qurani-Kərim, “Yunus” surəsi, 57-ci ayə)
Qeyd etmək lazımdır ki, Quran Uca Allah tərəfindən muzeylərdə sərgilənmək və insanların onun xarici görünüşündən feyzyab olmaları üçün göndərilməyib. Quran – hər bir yaxşılığı əmr edən və hər bir pisliyi qadağan edən hökmlər kitabıdır. Uca Allah onu insanların oxuması, mənasını dərk etməsi və ehkamlarına müvafiq olaraq əməl etməsi üçün nazil edib. Buna dəlil Uca Allahın aşağıdakı kəlamlarıdır: “Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir”. (Qurani-Kərim, Hədid surəsi, 9-cu ayə)