Pekində keçirilən marafonda idmançılar maska taxmalı olub
849 dəfə baxılıb
“Sələf Xəbər” www.bbc.co.uk saytına istinadən bildirir ki, Çində keçirilən 34-cü Pekin Beynəlxalq Marafonunda iştirak edən minlərlə idmançıdan bəziləri havanın çirkli olması səbəbilə maskada qaçmalı olub.
Marafon təşkilatçıları havanın çirklilik səviyyəsinin “az ilə orta” dərəcə arasında olduğunu bildiriblər. Lakin Amerikanın Pekindəki səfirliyi havanın çirkliliyinin təhlükəli səviyyəyə çatdığı barədə xəbərdarlıq yayıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, havanın çirkliliyi hər metr kubda 25 mikroqram hissəciyini aşmamalıdır. Amerika Səfirliyi nümayəndələri havada çirklilik səviyyəsini ölçüb və səhər saatlarında çirkliliyin 400 mikroqama çatdığı məlum olub. Səfirlik 24 saat ərzində belə hava şəraitində qalmağın insan sağlamlığına zərər verə biləcəyini açıqlayıb.
Bəzi atletlər havanın çirkliliyi ucbatından yarışmaqdan imtina etsələr də, maska ilə qaçan ingiltərəli idmançı Ças Pop Twitter hesabı vasitəsilə cəmi 10 kilometrə tab gətirdiyini bildirib. Marafonda 2 saat 10 dəqiqəlik göstərici ilə Efiopiyalı Girmey Birhanu Gebru qalib gəlib.
Qadınlar marafonunda isə digər bir efiopiyalı Fatuma Sado Derqo birinci olub. Onun ardınca üçüncü gələn Qonq Lihua deyib: “Bu çirkli havada qaçanda hiss elədim ki, tam tərləmirəm. Bədənim yapışqan və nəmli idi”. Təşkilatçılar minlərlə idmançının iştirak etdiyi beynəlxalq bir yarışın təxirə salınmasının çox çətin, hətta qeyri-mümkün olduğunu söyləyərək özlərini müdafiə ediblər.
“Beijing News” qəzeti marafon barəsində bunları yazıb: “İştirakçılardan cəmi bir neçəsi qaçarkən maska taxıb. Ulduz idmançıların çoxu maska taxmayıb. Marafonda iştirak edib-etməmək hər kəsin şəxsi seçimidir”.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Müqəddəs Quran, “Loğman” surəsi, 20-ci ayə).
Hava, su və torpağın çirklənməsi, səhralaşma proseslərini gücləndirən amillərin hamısı bəşəriyyətdə qida qıtlığına, müxtəlif bilinən və bilinməyən xəstəliklərin yaranması və yayılmasına, heyvanların və bitkilərin bəzi növlərinin kökünün kəsilməsinə, iqlim dəyişikliklərinə gətirib çıxarır.
Bu səbəbdən dinimiz nəyinki ətraf mühiti qorumağı buyurur, əksinə onu daha da yaxşılaşdırmağı insanlara tövsiyə edir.
Uca Allah buyurur: “Allahın nemətinə nail olandan sonra onu dəyişdirənlərə Allah şiddətli əzab verəcəkdir!” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 211-ci ayə).