Putin: “İŞİD 40 ölkədən maliyyələşir”
774 dəfə baxılıb
“Bu ölkələrin arasında “Böyük iyirmiliyin” (G-20) üzvü olan ölkələr də var”.
Türkiyədə mətbuat konfransı keçirən Vladimir Putin terror qruplaşması barədə şok iddialar səsləndirib.
“Böyük iyirmiliyin” (G-20) sammitində iştyirak etmək üçün Türkiyədə rəsmi səfərdə olan Rusiya prezidenti Vladimir Putin İŞİD terror xəvaric qruplaşması barədə şok iddialarla çıxış edib.
“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, Putin ötən gün Antalyada sadəcə rus və rusiyalı jurnalistlərin iştirak etdiyi mətbuat konfransı keçirib. Sammitdəki çıxışında İŞİD terror xəvaric qruplaşmasının maliyyə mənbələri barədə məlumatlar verdiyini deyən Putin bu terror qruplaşması ilə mübarizəyə davam edəcəyini vurğuladığını bildirib.
“Həmkarlarımla bu mövzunu müzakirə etdik. Terrorla mübarizə üçün çox əhəmiyyətli olan bu fəaliyyətə davam edəcəyimizə ümid edirəm. Bu terror qruplaşmasının neftdən və neft məhsullarından gəlir əldə etməsinin qarşısı alınmalıdır. Həmkarlarıma qeyri-leqal neft ticarətinin nə qədər geniş bir əraziyə yayıldığını göstərən, kosmosdan və təyyarədən çəkilmiş fotoları təqdim etdim. İŞİD terror xəvaric qruplaşması 40 ölkədən maliyyələşir. Bu ölkələrin arasında “Böyük iyirmiliyin” (G-20) üzvü olan ölkələr də var”.
Rusiya prezidenti sentyabr ayında BMT-dəki çıxışını xatırladaraq baş verən faciələrin onu haqlı çıxardığını bildirdi.
“Burada çətin heç nə yoxdur. Terrorla mübarizə və terror hadisələrinin qarşısını almaq üçün qlobal fəaliyyət göstərməliyik. Mən İŞİD terror xəvaric qruplaşmasına qarşı əməkdaşlıq təklif etmişdim. Təəssüf ki, ABŞ buna qarşı olduğunu bildirən bir nota göndərdi. Həyat çox sürətlə irəliləyir və bizə dərslər verir. Hesab edirəm ki, indi hamı birlikdə mübarizə aparmağımızın doğru olduğunu başa düşüb. Bu əməkdaşlıq üçün heç bir vaxt qapılarımızı bağlamadıq. Əməkdaşlığı siyasi səviyyədə və aktiv fəaliyyət, fikir mübadiləsi, təhlükələr barədə əvvəldən xəbər verməsi lazım olan xüsusi xidmət səviyyəsində qura bilərik. Xarici işlər nazirləri hazırda terror təşkilatlarının siyahısını hazırlayır. Terrorla mübarizə Suriyada problemin siyasi həll yolu üçün davam edir.”
Vladimir Putin terrora qarşı beynəlxalq koalisiya qurulmasının vacib olduğunu vurğulayıb: “Terrora qarşı beynəlxalq koalisiya qurulmalıdır. Daha doğrusu qurulması məcburidir.”
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)