Qurani-Kərim Ukrayna dilinə tərcümə edildi
881 dəfə baxılıb
Müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərim Ukrayna dilinə tərcümə edilib.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, “Osnovı” nəşriyyatı martın əvvəlində Qurani-Kərimin Ukrayna dilinə tərcüməsinin təqdimat mərasimini keçirəcək.
Qurani-Kərimi Ukrayna dilinə tərcümə etmək üçün Ostroj Akademiyasının əməkdaşı, tarix elmləri doktoru, tərcüməçi və tədqiqatçı Mixail Yakuboviçə 5 il lazım olub.
“Qurani-Kərim – yalnız İslamın əsas kitabı deyil. O, həm də dünya irsinin bir hissəsi, sənət əsəri, hər bir kitabxanada olması lazım bilinən bir nəşr nümunəsidir. Ukrayna çoxmillətli dövlətdir. Qurani-Kərim bizə bir-birimizi yaxşı anlamağa və tanımağa yardım edən bir kitabdır”, – deyə “Osnovı” nəşriyyatının direktoru Dana Pavlıçko bildirib.
Qurani-Kərimin qədim Ukrayna dilinə tərcüməsinin ilk cəhdləri hələ XVII əsrdə edilib. Lvov poliqlotu Aleksandr Abrançak-Lesenetski Qurani-Kərimi müasir Ukrayna dilinə çevirsə də, tərcümənin mətni dərc edilməyib.
“Səudiyyə Ərəbistanındakı ənənəyə görə, Məkkəni tərk edən zəvvarlara Kralın adından zəvvarın öz ana dilində Quran bağışlanır. Əvvəllər Ukraynadan olan müsəlmanlara Qurani-Kərimin rus dilindəki tərcümə variantı bağışlanırdı. İndi isə ukraynalılar bu bəxşişi öz doğma dillərində ala biləcəklər. Müqəddəs kitabların mətnləri hər bir millət və hər bir ölkənin dilinə tərcümə edilməlidir. Bu nəinki mədəniyyəti, həmçinin xalqın özünün zənginləşməsinə şərait yaradır”, – deyə Ukrayna Müsəlmanlarının dini idarəsinin müftisi Səid İsmayılov bildirib.
Sələf Xəbər: Qeyd etmək lazımdır ki, Qurani-Kərim Uca Allah tərəfindən muzeylərdə sərgilənmək və insanların onun xarici görünüşündən feyzyab olmaları üçün göndərilməyib. Qurani-Kərim – hər bir yaxşılığı əmr edən və hər bir pisliyi qadağan edən hökmlər kitabıdır. Uca Allah onu insanların oxuması, mənasını dərk etməsi və ehkamlarına müvafiq olaraq əməl etməsi üçün nazil edib.
Buna dəlil Uca Allahın aşağıdakı kəlamlarıdır: “Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir”. (Qurani-Kərim, “Hədid” surəsi, 9-cu ayə)