Rusiya sualtı qayıqdan raketlərlə İŞİD-in hədəflərini vurub – VİDEO
724 dəfə baxılıb
Rusiya Aralıq dənizinin şərq hissəsindən “Rostov-na-Donu” dizel-elektrik sualtı qayığı vasitəsilə İŞİD terror xəvaric qruplaşmasının qərargahının yerləşdiyi Suriyanın Rakka şəhərinin ətrafındakı hədəflərə “Kalibr” qanadlı raketləri ilə zərbə endirib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib ki, hazırda hava və kosmik kəşfiyyat zərbələrin nəticələrini araşdırır. Bu hadisə Rusiya Silahlı Qüvvələri tarixində sualtı qayıqdan real düşmənə qanadlı raketlərlə ilk zərbədir.
Əməliyyat barədə ilk olaraq Qərb mediası məlumat yayıb. “Le Monde” qəzeti Fransa Müdafiə nazirliyinə istinadən noyabrın 17-də səhər Aralıq dənizindən qanadlı raketlərlə Rakkanın vurulduğunu xəbər verib. “Reuters” isə ABŞ mənbələrinə istinadən Rusiyanın əməliyyat barədə qabaqcadan ABŞ-ı məlumatlandırdığını bildirib. Amerikalı mənbə Rusiyanın strateji bombardmançılardan da istifadə etdiyini əlavə edib.
Sələf Xəbər: Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (“Şərhu usul ət-təfsir”)