Rusiya Suriyada ABŞ kəşfiyyatının bazasını vurub
738 dəfə baxılıb
Putinin köməkçisi bombalayacaqları yerləri Suriya ordusu ilə birgə seçdiklərini deyib.
Suriyada hərbi əməliyyatlar aparan qüvvələrin arasındakı balans sürətlə dəyişir.
“Sələf Xəbər” Lent.az-a istinadən xəbər verir ki, Rusiyanın hərbi hava qüvvələrinin Suriyadakı əməliyyatlara qoşulması ilə bağlı razılıq əldə ediləndən sonra İran hərbçiləri də bu ölkəyə daxil olmağa başlayıb.
Bildirilir ki, dünəndən etibarən Rusiya hərbi hava qüvvələri İŞİD terror xəvaric qruplaşmasının deyil, Suriya müxalifətinin mövqelərini vurmağa başlayıb. Hətta dünən ABŞ-ın xarici kəşfiyyat idarəsi olan CİA-nin Suriyadakı bazası da bombalanıb. Bundan başqa Rusiya qurudan dəstək vermək adı ilə İran quru qoşunlarının xüsusi birləşmələrini Suriyaya daxil olmasına şərait yaradır.
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, onlar bombalayacaqları yerləri Suriya ordusu ilə birgə seçirlər. O, həmçinin ABŞ-ın Suriyadakı bazasının yalnız təlim uçuşları üçün nəzərdə tutulmuş hissəsini vurduqlarını əlavə edib.
Rusiya rəsmisi İran hərbçilərinin qurudan təmizləmə əməliyyatları aparacağını gizlətməyib.
Qeyd edək ki, son hadisələr bir çox ölkələrin planlarını tamamilə məhv edib. Türkiyənin sərhədində təhlükəsiz zona yaratmaq planı, Almaniyanın kürdlərlə işbirliyi də Rusiyanın apardığı aqressiv siyasət nəticəsində boşa çıxıb.
Qərb ölkələri isə baş verənlərin, sanki şokundadır. Hələlik yalnız Fransa Rusiyanı rəsmən apardığı aqressiv hərbi əməliyyatlardan çəkinməyə çağırıb.