Rusiya təyyarəsini partladanın adı açıqlanıb
834 dəfə baxılıb
Rusiyanın “Koqalımavia” şirkətinə məxsus “Airbus A321” təyyarəsinin göyərtəsinə bomba yerləşdirilməsini kimin təşkil etdiyi məlum olub.
“Sələf Xəbər” Virtual.az-a istinadən xəbər verir ki, Britaniyanın “The Sunday Times” qəzeti kəşfiyyatdakı mənbələrə əsasən Misirin Sina yarımadası üzərində sərnişin təyyarəsinin partladılması əməliyyatını İŞİD terror xəvaric qruplaşmasına biət etmiş “Sina vilayəti” terrorçu qruplaşmasının rəhbəri Əbu Usəma əl-Masrinin təşkil etdiyini yazıb.
Britaniya hakimiyyəti bu informasiyanı təsdiq edir və bildirir ki, həmin terrorçunun məhv edilməsi, yaxud ələ keçirilməsi üçün Rusiya və Misir hakimiyyətlərinə kömək etməyə hazırdır.
Bildirilir ki, əl-Masrini məhv etmək üçün əməliyyat başlasa, Britaniya özünün SAS komandos birliklərini bu əməliyyata cəlb edəcək.
Üsəma əl-Masri Misir din xadimidir, “əl-Əhzər” dini universitetinin məzunudur. Qəzet yazır ki, bombanı təyyarənin göyərtəsinə “Sina vilayəti” terrorçu qruplaşmasının üzvlərindən biri yerləşdrib. Həmin terrorçunun Misirin Şarm-əş-Şeyx aeroportunun yerüstü xidmətlərindən birində işlədiyi təxmin edilir.
“Kommersant” isə yazır ki, təyyarənin “qara qutu”sunun deşifrəsi qəzanın terror aktı olduğunu dəqiq müəyyən etməyə imkan verməyib. Bu səbəbdən terror aktı versiyasını təsdiqləmək üçün əlavə ekspertiza keçiriləcək. Təyyarənin “qara qutu”sunda qeydə alınmış səslər və cəsədlərdən fraqmentlər ekspertizaya göndəriləcək.
Bu ekspertiza təyyarənin göyərtəsinə qoyulmuş bombanın tipini və partlayışın xarakterini müəyyən etməlidir.
Təyyarənin terror aktı nəticəsində partladığını ABŞ Prezidenti Barak Obama və Britaniya Baş naziri Devid Kemeron da bəyan edib. Buna baxmayaraq Rusiya hakimiyyəti hələ də terror versiyasını yaxına buraxmır.
Əgər Rusiya 224 nəfərin ölümünə səbəb olan hadisənin “İslam dövləti”nin terror aktı olduğunu təsdiqləsə, o zaman Suriyada Əsədi qorumaq üçün başlatdığı əməliyyatlara görə ağır itkiyə məruz qaldığını da etiraf etməli olacaq.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)