Rusiyalı ekspert: “Rusiya ermənipərəst mövqeyindən uzaqlaşır”
1. 255 dəfə baxılıb
“Rusiya dövlət gəmisini ermənipərəst mövqedən uzaqlaşdıraraq Azərbaycana tərəf çevirməyə başlayır. Dağlıq Qarabağ münaqişəsi əvvəllər Moskvanın Bakıya təzyiq aləti idisə, indi artıq Yerevana təzyiq vasitəsi olacaq”.
Selefxeber.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bunu rusiyalı siyasi analitik Oleq Kuznetsov Dağlıq Qarabağ münaqişəsinin həllinə həsr olunmuş “dəyirmi masa”da deyib.
Ekspert bildirib ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistanın prezidenti Serj Sarqsyan hərbi cinayətkardır, amma prezident olduğundan Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilə bilməz.
Onun sözlərinə görə, Sarqsyanın prezident toxunulmazlığından məhrum ediləcəyi halda, ona qarşı cinayət işinin başladılması real perspektivli ola bilər.
“Qarabağ klanı Ermənistanda hakimiyyəti itirsə, Sarqsyanın iki yolu olacaq – ya həbsxana, ya da qəbir. Ona görə də onlar son ana qədər Azərbaycana müqavimət göstərəcəklər. Serj Sarqsyan hüquqi məsuliyyətdən qaçmaq üçün öz xalqına qarşı soyqırımı da edər”, – o əlavə edib.
Politoloq Tofiq Abbasov bu gün Ermənistanın resurslarının olmaması səbəbindən uzunmüddətli tammiqyaslı müharibəyə hazır olmadığını bildirib. “Bütünlükdə Qarabağ münaqişəsində əsas maneə məsələnin həllində irəliləyişə imkan verməyən Qarabağ klanıdır. Onlar vəziyyətin olduğu kimi, qalmasında, durğunluqda maraqlıdırlar” – T.Abbasov vurğulayıb.
“Dağlıq Qarabağ problemi həllini gözləyir. İntensiv diplomatiya, məsləhətləşmələr, Rusiya və ABŞ-ın Baş Qərargah rəislərinin son görüşü Qarabağ problemi ətrafında vəziyyətin yoxlanışı idi” – politoloq bildirib.
O, eyni zamanda Serj Sarqsyanın Parisə səfəri zamanı ssələndirdiyi bəyanatı xatırladaraq, Ermənistan getdikcə Qərbə doğru meyl etdiyini vurğulayıb.
“Yerevan yarışın ortasında atları dəyişir. Ermənistanda qərbyönlü vektor fəallaşır. Sarqsyan bu gün Qərbə siyasi və hərbi dəstək üçün yalvarır”, – ekspert hesab edir.
T.Abbasovun fikrincə, Ermənistanı böyük sarsıntılar gözləyir.