Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Rusiyalı talibançı ABŞ məhkəməsinə çıxarılıb

Noyabr 06
18:46 2014

“Sələf Xəbər” BBC Azərbaycanca-ya istinadən xəbər verir ki, Əfqanıstanda Taliban sıralarında vuruşduğu iddia edilən sabiq sovet zabiti terrorçuluq ittihamı ilə ABŞ məhkəməsi qarşısına çıxarılıb.

55 yaşında olduğu güman edilən İrek İlgiz Hamidullina qarşı ABŞ vətəndaşının qətlə yetirilməsi də daxil olmaqla 12 ittiham irəli sürülüb.

Hamidullin 2009-cu ildə Əfqan sərhəd polisi və ABŞ qüvvələrinə hücumdan sonra ələ keçirilib. O, Amerikaya göndərilməzdən öncə 5 il ərzində Baqram şəhərindəki ABŞ hava bazasında saxlanılıb. İrek Hamidullin Əfqanıstandan Amerikaya aparılan ilk hərbi məhbusdur.

Çərşənbə günü əli qandallanmış Hamidullin federal agentlərin müşayiəti ilə Virciniya ştatındakı Riçmond şəhərinin məhkəməsinin qarşısına çıxarılıb.

19 səhifəlik ittihamnaməyə görə, Hamidullin 1970-1980-ci illərdə Sovet Ordusunun zabiti kimi Əfqanıstanda xidmət edib. Daha sonra bu ölkədə qalan Hamidullinin Taliban sıralarına qatıldığı bildirilir.

2009-cu ildə onun komandanlığı ilə üsyançıların 3 qrupu Əfqanıstanın sərhəd polisi və ABŞ qüvvələrinə hücum edib, ittihamnamədə deyilir. İddialara əsasən o, havadan müdafiə silahları daşıyan üsyançıların ABŞ helikopterlərinə atəşini yonləndirib. Eyni zamanda Hamidullinin Amerika əsgərlərinə atəş açdığı bildirilir.

İlk dəfə prosesə çıxarılarkən cənab Hamidullin çox az danışıb. Məhkəmənin növbəti dinləmələri cümə gününə təyin olunub. Hamidullin Əfqanıstanda ABŞ tərəfindən saxlanılan 13 əcnəbidən biridir. Vaşinqton dekabrın sonunadək onların hamısının Amerikaya gətirilməsini planlaşdırır.

 Sələf Xəbər: “Əbubəkr” məscidinin dini icmasının başçısı Qamət Süleymanov Taliban hərəkatı barəsində suala cavab olaraq deyib: “Taliblər, ümumiyyətlə, sufidirlər. Bu cərəyan “dübəndilər” adlanır. Onların sələflərə heç bir aidiyyəti yoxdur. Onların mübarizəsi cihad deyil. Bu yalnız partiyalar arasında mübarizədir. Bu partiyalardan hər birini müəyyən bir ölkə dəstəkləyir. Orada məsələ heçdə dinə deyil, siyasətə aiddir.”

Digər xəbərlər