Səudiyyə Ərəbistanı Moskva ilə razılaşmadı
1. 418 dəfə baxılıb
Rusiya ilə Körfəz Ölkələri Əməkdaşlıq Şurasının 4-cü Strateji Dialoq toplantısı kifayət qədər gərgin keçib.
“Sələf Xəbər” ATV.az-a istinadən bildirir ki, buna səbəb Səudiyyə Ərəbistanı ilə ev sahibi sayılan ölkə arasında yaşanan ciddi fikir ayrılıqları olub. Toplantıdan sonra mətbuat qarşısına çıxan Rusiyanın Xarici İşlər naziri Serqey Lavrov və səudiyyəli həmkarı Adil bin-Əhməd əl-Cübeyr bir çox sahədə razılıq əldə olunmadığını bildiriblər. Ərəb diplomat ilk olaraq qeyd edib ki, ölkəsi neft ixracında kvotanı saxlamaq niyyətində deyil. O, qiymətin bazar tərəfindən tənzimlənməsinin tərəfdarıdır. Bu isə iqtisadiyyatı getdikcə pisləşən Rusiya üçün məqbul sayıla bilməz.
Suriya məsələsində də Əl-Cübeyr Moskva ilə razılaşmadıqlarını qeyd edib. O hesab edir ki, ruslar Suriyada əsl müxalifəti deyil, özlərinin görmək istədikləri şəxsləri danışıqlar masasına əyləşdirib. Prezident Bəşər Əsədin taleyinə gəlincə, krallıq onun hakimiyyətdən getməli olduğunu dəfələrlə bəyan edib. Ərəb nazir bildirib ki, Suriyada baş tutan son seçki şou xarakteri daşıyırdı. O, ölkəsinin üç əsas şərtini səsləndirməyi də unutmayıb. Səudiyyəli nazir Əsədin hücumları dayandırması və hakimiyyətdən getməsini, humanitar yardımlara şəraitin yaradılmasını və Vyana danışıqlarının bərpa edilməsini tələb edib.
Sələf Xəbər: Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik. Amin!