Sidneydə törədilən terror aktı müsəlmanlara qarşı dözümsüzlüyə səbəb olub
852 dəfə baxılıb
“Sələf Xəbər” www.theatlantic.com saytına istinadən xəbər verir ki, bazar ertəsi Sidneydə silahlı şəxsin kafe işçilərini girov götürməsi sosial mətbuatda müsəlmanlar əleyhinə dözümsüzlüyün nümayiş etdirilməsinə səbəb olub.
Avstraliyanın ən böyük şəhəri olan Sidneydə baş vermiş girov böhranı sona yetdi, lakin 16 saat davam edən və silahlı şəxs də daxil olmaqla 3 nəfərin ölümünə, 4 nəfərin yaralanmasına səbəb olan bu hadisənin ətrafında dövran edən səbəblər hələ də qaranlıq olaraq qalır. Hadisədə təqsirli bilinən Man Monisin bu hadisəni nə üçün törətdiyi və ya böhranın bitməsinə səbəb olan polis əməliyyatının təfərrüatları barədə məlumat azdır.
Bu qeyri-müəyyən vəziyyət əsnasında avstraliyalı müsəlmanlara qarşı etiraz aksiyası başladı. Silahlı şəxsin dini mənsubiyyəti və milliyyəti, həmçinin, İslamda imanın təsdiqi hesab edilən kəlimeyi-şəhadət əks olunmuş qara bayraq da daxil olmaqla, hadisə barədə məlumatlar ildırım sürətilə yayılmağa başladı. Twitter sosial şəbəkəsində bu hadisə ilə bağlı əsas #SydneySiege heşteqi internetin çirkinliyinin təcəssümüdür. Ksenofobik tərkibli və müsəlmanlar əleyhinə tvitlər yazılmağa başladı. Hətta, ultra-sağçılardan ibarət Avstraliya Müdafiə Liqası öz Twitter hesabı vasitəsilə Sidney ətrafında yerləşən, müsəlman əhalinin əksəriyyət təşkil etdiyi Leykmba qəsəbəsində insanları qarşıdurmaya təhrik edən tvit yazıb.
Qatarda bir sərnişinin diqqətini guya həyatını təhlükəyə atmamaq qorxusu ilə hicabını çıxarmaq istəyən bir müsəlman qadın cəlb edib. Sərnişin ondan hicabını geyinməyi və onunla həmrəy olduğunu göstərmək üçün onun yanında getməyi təklif edib. Beləcə, #IllRideWithYou heşteqi fəaliyyətə başlayıb. Heşteq qısa müddət ərzində internetə yayılıb və hal-hazırda, girov böhranı qurtardıqdan sonra da dünyada trend olmaqda davam edir. Bu heşteqin qeyd edildiyi tvitlərin sayı sürətlə 250 minə yaxınlaşır. Yazılan tvitlərdə girov böhranının baş verməsində bütün müsəlmanları günahkar hesab etməməyə və daha çox dözümlülük göstərməyə çağırılıb. Təşəbbüsə, həmçinin, ünsiyyət qurmaq təklifi və tənha səfərə çıxmaq istəməyən müsəlmanlarla həmrəylik göstərmək daxil olub. Təsirli süjetə rəğmən, Avstraliyada müsəlmanlar əleyhinə etirazların qarşısını almaq cəhdi ölkədə xüsusilə gərgin bir məqama təsadüf edib.
Cəmi bir neçə ay əvvəl Avstraliya hökuməti sığınacaq axtaranların və qeyri-qanuni immiqrantların ölkəyə daxil olmasına mane olmaq üçün işləyib hazırladığı “Suveren Sərhədlər Əməliyyatı” kampaniyası üçün təhrikedici video və posterlər yayınlamışdı.
Proqramda müsəlmanlar və ya qanuni immiqrantlar xüsusi olaraq seçilib ayrılmasa da, yeni kampaniya Avstraliyada İŞİD terror xəvaric qruplaşmasının yüksəlişi ilə bağlı qorxularla əlaqəli olaraq müsəlmanlara qarşı hücumların kəsinləşməsi kontekstində tətbiq edilməyə başlayıb. Sentyabr ayında onlarla avstraliyalının “İslam Dövləti” terror xəvaric qruplaşmasına qoşulmaq üçün ölkədən çıxması barədə məlumatlar yayıldıqdan sonra ölkədə terror həyəcanı artdı.
İslam isə ölkədə hələ də ən çox inkişaf edən dinlərdən biri olmağa davam edir. “The Economist” jurnalında qeyd edilib ki, 2011-ci ilə qədər cəmi bir onillik ərzində immiqrasiya hesabına ölkədəki müsəlmanların sayı 2/3 qədər çoxalıb. “İndi müsəlmanlar 23 milyonluq əhalinin cəmi 2%-ni təşkil edir və onların çoxu Sidney və Melburn ətrafındakı qəsəbələrdə məskunlaşıb”.
Bazar ertəsi günü Avstraliyadakı müsəlman liderlər Sidney böhranını qınayıb və insanları sakitliyə çağırıb.
#IllRideWithYou heşteqini başladan Tessa Kam isə bu fikirləri səsləndirib: “Özünü köməksiz hiss edəndə, ümid bağlamaq çətin olur. #illridewithyou kiçik bir addımdır, lakin bir gün kimin üçünsə mühim ola bilər. Məni bu hadisənin hələ uzun müddət təsiri altında qalacaq iştirakçıları və bu hadisəyə aidiyyatı olmayan, lakin haqsız yerə günahlandırılacaq insanların aqibəti düşündürür”.
“Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.”
Qurani-Kərim, “Əraf” surəsi, 56-cı ayə