Tam Günəş tutulması baş verib – YENİLƏNİB
1. 001 dəfə baxılıb
Avqustun 21-də tam Günəş tutulması baş verib.
Selefxeber.az-ın “APA”ya istinadən xəbərinə görə, Günəş tacı əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olub.
Tutulma müddəti 2 dəqiqə 40 saniyə, yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr təşkil edib.
Bakı vaxtı ilə saat 19:47-də başlayan proses saat 22:26-da maksimumda olub. Günəş tutulması saat 01:04-də sona çatıb.
Azərbaycanda bu prosesi müşahidə etmək mümkün olmayıb. Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edən nadir təbiət hadisəsini yalnız ABŞ sakinləri müşahidə edə biliblər.
İlk dəfə olaraq ABŞ-ın bütün ştatlarını əhatə edən Günəş tutulmasına “Böyük Amerika tutulması” adı verilib. Tutulma zamanı Günəş aktivliyi dünyanın ən güclü teleskopu olan DKIST vasitəsi ilə izlənilib.
Növbəti Günəş tutulmasının 2 sentyabr 2035-ci ildə baş verəcəyi ehtimal olunur.
Qeyd edək ki, 2017-ci ildə ilk Ay tutulması fevralın 11-də, Günəş tutulması isə fevralın 26-da baş verib.
Sələf Xəbər: Rəvayət edilir ki, Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabəsi Abdullah ibn Abbas (Allah onların hər iksindən razı olsun) demişdir: “Peyğəmbərin zamanında günəş tutuldu və o (Allahın ona salavat və salamı olsun) namaz qıldırdı. Əvvəl qiyamı o qədər uzatdı ki, (bu vaxt ərzində) “əl-Bəqərə” surəsini oxumaq olardı, sonra rükuya getdi və rükunu uzatdı, sonra rükudan qalxdı və qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi. Sonra rükuya getdi və rükunu uzatdı, lakin bu rüku əvvəlkindən qısa idi, sonra səcdə qıldı. Sonra ayağa qalxıb qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra rükuya getdi və rükunu uzatdı, lakin bu rüku əvvəlkindən qısa idi,sonra rükudan qalxdı və (yenə) qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra (bir də) rükuya getdi və rükunu uzatdı, lakin bu rüku əvvəlkindən qısa idi, sonra (rükudan qalxıb səcdəyə getdi və iki dəfə) səcdə qıldı, sonra (salamları verib) namazı bitirdi. Artıq günəşin üzü açılmışdı. Bundan sonra Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Həqiqətən də, günəş və ay Allahın dəlillərindəndir. Onlar kimsənin nə ölümünə görə, nə də dünyaya gəldiyinə görə tutulur. Odur ki, onların tutulduğunu gördüyünüz zaman Allahı zikr edin!” (Əl-Buxari)