Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Tramp Qüds qərarını təxirə saldı

Dekabr 05
16:02 2017

ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarı gecə yarısı açıqlanıb.

Selefxeber.az-ın “Eurasiadiary.com”a istinadən məlumatına görə, ABŞ lideri, İsrail səfirliyini Təl-Əvivdən Qüdsə köçürməyi hələlik təxirə salıb. Ancaq hələ də Tramp tərəfindən Qüdsün İsrailin paytaxtı elan edilməsi riski davam edir. Fransa və Türkiyə başda olmaqla, bir çox ölkələr Trampın Qüdslə bağlı fikrini dəyişməyə çalışır. Fələstinlilər belə bir qərarın açıq müharibə elanı olacağını deyir.

Vaşinqtonun bölgədəki gərginliyi alovlandıra biləcək planına ilk reaksiya Fransa prezidenti Emmanuel Makrondan gəlib. Trampa zəng vuran Makron, Qüdslə bağlı qərardan narahatlıq keçirdiyini qeyd edərək, müqəddəs şəhərin statusunun dəyişməməsini istəyib.

Fələstin lideri Mahmud Abbas isə bildirib ki, Qüdsün İsrailin paytaxtı elan edilməsi və ya ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsi sülh prosesinin gələcəyini təhdid edir. Onun sözlərinə görə, bu, fələstinlilər, ərəblər və beynəlxalq baxımdan qəbul edilə bilməz.

“Reuters”ə açıqlama verən ABŞ-ın keçmiş terrorla mübarizə rəsmisi Daniel Benjamin bildirib ki, bu, odla oynamaqdır. Səudiyyə Ərəbistanının ABŞ səfiri Şahzadə Xalid bin Səlman isə belə bir qərarın sülh prosesinin irəliləməsinə böyük zərər verə biləcəyini və bölgədə gərginliyi artıracağını qeyd edib.

Qeyd edək ki, Donald Trampın bu gün Qüdsü İsrailin paytaxtı elan edəcəyi gözlənilirdi.

Digər xəbərlər