Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Tramp təkləndi – Qüds qərarına gözlənilməz reaksiyalar

Dekabr 07
17:41 2017

ABŞ Prezidenti Donald Trampın dünən Qüdslə bağlı qərarını açıqladı. Tramp canlı yayım vasitəsilə Qüdsü İsrailin paytaxtı kimi rəsmən tanıdığını belə elan etdi: “Əvvəlki prezidentlər bunu seçki vədi olaraq söyləsələr də, ancaq reallaşdırmayıblar. Mən bu vədi yerinə yetirirəm. Dövlət Departamentinə ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə köçürmək məsələsində hazırlıq görməsi təlimatını verirəm”.

Qərara ilk reaksiya İsrail Baş naziri Benyamin Netanyahudan gəlib. O deyib ki, yəhudilər Trampın bu hərəkətinə əbədi olaraq minnətdardılar.

Ancaq bu qərardan məmnun qalan yeganə ölkə İsrail olub.

Bütün dünya Trampın bu qərarını tənqid edib. Minlərlə etirazçı Türkiyə və İordaniyada küçələrə çıxıb. Qəzza bölgəsində fələstinlilər ABŞ bayrağına od vurublar.

Liderlərin də bu qərara reaksiyası gecikməyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri İbrahim Qalın qərarı səhv adlandırıb və Ankaranın bu məsələdə Fələstinin tərəfində olduğunu bildirib:

“Bu qərarı qınayırıq və tanımırıq”. Baş nazir Binəli Yıldırım və Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da bu məsələ ilə bağlı Trampa qarşı sərt fikirlər söyləyiblər.

Fransa Prezidenti Emmanuel Makron Əlcəzairdə keçirilən mətbuat konfransında qərarı təəssüf hissi ilə qarşıladığını bildirib:

“Bu qərar beynəlxalq hüquqa və BMT qətnamələrinə ziddir. Trampın bu addımından təəssüflənirik”.

İngiltərənin Baş naziri Tereza Mey bildirib ki, London ABŞ-ın öz səfirliyini Qüdsə köçürmə qərarına qarşıdır: “Bu addımın regionda sülhün gələcəyi üçün faydası yoxdur”.

Almaniya Kansleri Angela Merkel hesab edir ki, Qüdsün durumu müzakirələr yolu ilə həll olunmalıdır: “ABŞ-ın Qüdslə bağlı qərarını dəstəkləmirik”.

BMT-nin Baş katibi Antonio Quterreş Trampın bu qərarından məyus olduğunu deyib:

“İkidövlətli həll yoluna alternativ yoxdur. İsrail və Fələstin liderlərinin tutarlı danışıqlara qayıtması üçün əlimdən gələni edəcəyəm”.

Fələstindəki HƏMAS təşkilatı da Trampın Qüds qərarını sərt reaksiya ilə qarşılayıb:

“Dekabrın 8-də “qəzəb günü” keçiriləcək. ABŞ prezidenti bu qərarı ilə cəhənnəmin qapılarını açdı”.

İraq, Suriya, Misir və Livan xarici işlər nazirlikləri də qərara qarşı fikirlər səsləndiriblər.

Rəsmi Ər-Riyad prezident Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə köçürülməsinə dair bəyanatlarını məsuliyyətsiz adlandıraraq qərara yenidən baxmağa çağırıb

APA-nın xəbərinə görə, bu barədə “Al Arabiya” telekanalı məlumat verib.

“ABŞ-ın məsuliyyətsiz və əsassız qərarı eyni zamanda fələstinlilərə qarşı qərəz nümayiş etdirir. Səudiyyə Ərəbistanı ABŞ administrasiyasını qəbul etdiyi qərarlara yenidən baxmağa çağırır”, məlumatda qeyd olunub.

Eurasiadiary.com

Sələf Xəbər: Qüds şəhərinin müsəlmanlar üçün xüsusi çəkisi, böyük mənəvi dəyəri vardır. Bu şəhərdə əl-Əqsa məscidi yerləşir ki, bu məscid müsəlmanların ilk qibləsi olmuş və Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) tərəfindən ziyarət edilməsi savab görülən üç məsciddən biridir.
Bu gün hər bir müsəlman Qüds şəhərini müsəlmanların mənəvi paytaxtı olaraq görür.
Uca Allahdan diləyirik ki, atılan bu haqsız addım və qərarlar düzəldilsin, haqq ədalət öz yerini tutsun.

Digər xəbərlər