Türkiyə bir gündə 9 min polisi işdən qovdu – SƏBƏB
1. 074 dəfə baxılıb
Türkiyədə FETÖ-nun daxili işlər orqanlarındakı qruplaşmasına qarşı dünən həyata keçirilən genişmiqyaslı əməliyyatın təfərrüatı üzə çıxıb.
Selefxeber.az-ın məlumatına görə, “Avropa.info” xəbər verir ki, şəxsən FETÖ lideri Fətullah Gülənin təlimatı ilə təyin olunan polis “imam”ı bir müddət əvvəl həbs olunmuşdu. Həbs olunduğu əsnada üzərində olan rəqəmsal arxivi məhv etməyə çalışan “imam” hər şeyi etiraf edib və onun yüksək səviyyəli təşkilat üzvü olduğu üzə çıxıb.
Hadisədən sonra dərinləşən istintaq nəticəsində arxivdəki məlumatlar araşdırılmağa başlanıb. Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən yaradılan xüsusi istintaq qrupu işləri tamamladıqdan sonra əməliyyata start verilib.
Arxivdən çıxan polis işçiləri ilə bağlı siyahının çoxu müəllimlərdən ibarətdir və FETÖ-nün həmin siyahıda təxminən 5 min polis imamının adının mövcud olduğu müəyyən olunub. 5 min imama nəzarət edən baş imamın adı isə hələlik gizli saxlanılır.
Rəqəmsal arxivdən çıxan siyahı 3 kateqoriyadan ibarətdir. İlk kateqoriyada 5 min nəfərlik polis imamı ilə onların nəzarətində olan FETÖ-çu polislərin adları və onlar haqqında geniş məlumat yer alır.
İkinci kateqoriyada FETÖ ilə heç bir bağı olmayan təxminən 180 min polislə bağlı ətraflı məlumatlar var. Polis rəislərindən tutmuş ən aşağı rütbəli polislərə qədər qələmə alınan siyahıda polislərin adları, onların həyat yoldaşları, uşaqları və özəl həyatlarına dair məlumatlara yer verilir.
Üçüncü kateqoriyada isə FETÖ-dan ayrılan polislərin adları, təşkilatdan hansı səbəblə ayrıldıqları və yenidən təşkilata necə qaytarılmaları lazım olduğuna dair qeydlər yer alır. Bu şəxslərin adlarının qarşısında isə “ayrıldı”, “geri qaytarıla bilər”, “itirildi” və “xəyanət etdi” kimi dəyərləndirmələr var.