Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türkiyə böyük gücə çevrilir – Növbəti hərbi baza

Avqust 23
17:23 2017

Somali Türkiyəyə öz hərbi sənayesinin inkişafı üçün önəmlidir.

Selefxeber.az-ın məlumatına görə, bu sözləri “Axar.az”a açıqlamasında ekspert Vüqar Zifəroğlu Türkiyənin xaricdə ikinci hərbi baza açmasını şərh edərkən söyləyib. Onun sözlərinə görə, Türkiyənin Somalidə baza açmasının əsas səbəblərindən biri qardaş ölkənin iqtisadi maraqlarıdır:

“Somali Türkiyənin 2011-ci ildən etibarən “Afrika açılımı”nda önəmli nöqtədir. Hərbi baza Somali ilə bağlanmış Müdafiə Sənayesi İşbirliyi razılaşması çərçivəsində açılır. Bu bazanın 2015-ci ilin mart ayından başlanan inşası üçün 50 milyon dollardan artıq pul xərcləndi, son beş ildə 370 milyon civarında yardım edildi. Əslində, Türkiyənin Somalidə hansı maraqları olduğu ilə bağlı müzakirələr çoxdur. Amma, şübhəsiz ki, hərbi bazanın inşası və açılışı qardaş ölkənin strateji maraqlarından irəli gələn hədəflərlə bağlıdır. İlk növbədə onu vurğulamaq lazımdır ki, Somali Qırmızı dənizdən Ədən körfəzinə açılan nöqtədə yerləşir. Bu ölkə böyük sahillərə malik olmaqla yanaşı, Afrikanın ən inkişaf etmiş ölkələrindən olan Keniya və Efiopiyaya gedən yollara da nəzarət edir. Yəni ilk səbəb, şübhəsiz ki, Somalinin strateji əhəmiyyətə malik coğrafi mövqeyi ilə bağlıdır.

İkinci səbəb əlbəttə ki, iqtisadi maraqlardır. Türkiyə Somalidə özü üçün münbit olan iqtisadi platforma yaratmaqdadır və bu türk şirkətlərinin maraqları çərçivəsində həyata keçirilir. Türkiyə şirkətlərinin limanların idarə edilməsində başlıca rol almaları, əslində, çox şeydən xəbər verir. Şübhəsiz ki, belə bir iqtisadi yüksəliş və strateji planlamaların təhlükəsizliyinin təmin edilməsi vacib şərtdir və hərbi baza bu səbəbdən kilid nöqtədir.

Üçüncü səbəb terrorla mübarizə aparan bir ölkə olaraq Türkiyənin Somali ordusunu gücləndirməkdə maraqlı olmasıdır. Somali bununla da öz hərbi potensialı ilə bölgədə Türkiyənin təbii müttəfiqi halına gəlir. Unutmaq olmaz ki, bu gün Somali təkcə dəniz quldurları üçün doğma vətən deyil, eyni zamanda Əş-Şəbab kimi ciddi terror təşkilatının sığındığı yerdir və bu təşkilat Əl Qaidəyə bağlı olmaqla yanaşı, Yaxın Şərqdə gələcəkdə ciddi problemlər yaradacaq potensiala malikdir. Somali ordusunun müasir tələblərə cavab verəcək şəkildə hazırlanması isə bu problemin qarşısını ala bilər. Xatırlayırsınızsa, 2013-cü ildə Əş-Şəbab Türkiyənin paytaxt Moqadişidəki səfirliyinə hücum etmişdi və nəticədə bir türk polisi şəhid olmuşdu.

Dördüncü səbəb kimi isə Türkiyə hərbi sənayesinin Qətər və Somali vasitəsi ilə aktiv olaraq Afrika və Yaxın Şərq bazarına çıxış əldə etməsini göstərmək olar. Türkiyə istehsal etdiyi kiçik və orta ölçülü silahlar üçün yeni bazar axtarışındadır”.

Ekspert həmçinin “Stratford” şirkətinin Türkiyə-Birləşmiş Ərəb Əmirlikləri qarşıdurması ilə bağlı şərhinə münasibət bildirib. O, Somalidə rəsmi Əbu-Dabinin Türkiyəyə maneə yaratmasının Ankaranın kəskin reaksiyasına səbəb olacağını söyləyib:

“Türkiyədən fərqli olaraq, Birləşmiş Ərəb Əmirlikləri bazanın açılması ilə bağlı qərarı bu ilin fevral ayında qəbul edib. Təbii ki, son illərdə Yaxın Şərqdə baş verən proseslər fonunda ərəb ölkələri ilə müqayisədə İran və Türkiyənin öz mövqelərini daha da gücləndirməsi ərəblərin diqqətini strateji nöqtələrə çevirməyə məcbur etməkdədir. İranla yaşanan Yəmən böhranı, ardınca da ərəblərin öz içində yaşadıqları Qətər qarşıdurması, əslində, çevik strateji xətt yürütməyin vacibliyini ortaya qoyan başlıca məqamlardan sayıla bilər. BƏƏ ərəb ölkələri içində daha çox “boz kardinal” funksiyasını yerinə yetirməyə iddia edən bir ölkədir və Səudiyyə-Qətər böhranında diqqətli analitiklər bunun şahidi oldular. Məhz bu səbəbdən Qətərdə İranın və eləcə də Türkiyənin qarşısını kəsmək üçün hərəkətə keçən Əmirliklərin strateji əhəmiyyətə malik Somalidə də Türkiyənin qabağını almağa çalışması, adekvat reaksiya, cavab tədbirləri kimi qiymətləndirilməlidir. BƏƏ Türkiyənin Bəsrə körfəzində möhkəmlənməsini arzu etmir və Qətər böhranında ciddi tutum sərgiləməsi, həm də bu amil ilə bağlı idi. Yəmən qarşıdurmasında mövqelərini gücəndirmək məqsədi ilə Bab-əl Məndab boğazında möhkəmlənməyi planlaşdıran Əmirliklər hazırda Eritriyada, Yəməndə hərbi bazalara sahibdirlər”.

Qeyd edək ki, Türkiyə ölkə xaricində ikinci hərbi bazanı Qətərdən sonra Somalidə açmağa hazırlaşır.

Digər xəbərlər