Türkiyə “Forex” əməliyyatlarına qadağa qoyacaq
1. 226 dəfə baxılıb
Türkiyənin “Kapital Bazarlarına Nəzarət” (SPK) qürumu ölkədən kənarda həyata keçirilən “Forex” əməliyyatlarına qadağa qoymağa hazırlaşır.
“Report“, “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə qurumun rəhbəri Vahdəddin Ərtaş açıqlama verib.
Bir qədər əvvəl “Forex” bazarına minimum 50 min lirə (13 300 ABŞ dolları) limit və 1:10 leverec əmsalı tətbiq etmək qərarı alan SPK, indi də qurumun nəzarəti altında olmayan ölkədən kənar əməliyyatlara qadağa qoymağa hazırlaşır. Qurumun almağa hazırlaşdığı yeni qərarlarla SPK-nın Türkiyədə fəaliyyət üçün lisenziya almayan broker şirkəti kimi vəsait toplamaq qadağan ediləcək.
Qeyd edək ki, bir qədər əvvəl İstanbul Birjası İdarə Heyətinin sədri Himmət Qaradağ bildirib ki, “Forex” əməliyyatlarının qumardan heç bir fərqi yoxdur. Xatırladaq ki, “Forex” əməliyyatları vasitəsilə külli miqdarda vəsait ölkədən kənara axır. Belə ki, birja rəhbərinin fikrincə “Forex” əməliyyatları bazarında investorların bağladığı əqdlərinin 95%-i zərər və ya məmnuniyyətsizliklə nəticələnirsə, bu, sağlam proses deyil.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?” (Müqəddəs Quran, “Maidə” surəsi, 90-91-ci ayələr)
“Uca Allah bu yaramaz əməllərin qüsurlu olmasını ifşa edir və onları murdar və şeytan əməlləri adlandırır. İnsanlar uğur əldə etmək üçün onlardan uzaq qaçmalıdırlar. Çünki onlar Allahın qadağan etdiklərini törətməkdən əl çəkmədən ona nail ola bilməyəcəklər. Bu, ayədə xüsusilə xatırlanan mənfur əməllərə aiddir.
Onlardan birincisi – sərxoşedici içkilərdən istifadə edilməsidir. Bunlara insanı mühakimə yürütməkdən məhrum edən, onu kefləndirən və ya beynini dumanlandırıb məst edən hər hansı bir şey aid edilir. Onlardan ikincisi – qumar oyunlarıdır. Buraya aid olanlar – hər hansı mərc gəlmələr, tərəflərin öz üzərinə öhdəlik götürməsi ilə bağlı olan mübahisə və yarışlardır. Üçüncüsü isə, Allaha ibadət etmək əvəzinə, hər hansı bütlərə, heykəllərə sitayiş etməkdir, dördüncüsü – oxlarla fala baxmaqdır. (Buraya həmçinin hər hansı əşyaların vasitəsi ilə fala baxmağı da aid etmək olar. –tərcüməçi)
Allah bu əməlləri qadağan etmiş, qullarına onlardan çəkinməyi əmr etmiş, onların verdikləri zərər haqqında bildirmiş və insanların onlardan uzaq durmalı olduqlarını buyurmuşdur.
Birincisi, bu əməllər pis və natəmizdir. Onları sezib duymaq mümkün deyil, çünki onlar fiziki deyil, mənəvi cəhətdən çirkindir. Buna baxmayaraq, insanlar istənilən haramdan qaçınmalıdırlar ki, onunla murdarlanmasınlar.
İkincisi, onlar bəşəriyyətin qatı düşməni olan şeytanın əməllərinə xas olanlardır. Yaxşı məlumdur ki, düşmənlərin fitnə və əməllərindən ehtiyat edərək, xüsusilə, onlar öz əməlləri ilə insanı tələyə salmağa cəhd göstərdikdə, onlardan qorunmaq lazımdır. Belə bir tələnin məhvedici ola biləcəyinə görə, ağıllı insan özünün açıq düşməninin əməllərindən uzaq olmalı, qorunmalı və ehtiyat etməlidir.
Üçüncüsü, qul bu əməllərdən çəkinmədikcə, uğur qazana bilməz. Müvəffəqiyyət – arzu ediləni əldə etmək və xoşagəlməz şeydən xilas olmaqdır. Sadalanan bu dörd əməlin hər biri nailiyyətə doğru yolda maneədir.
Dördüncüsü, onlar insanlar arasında düşmənçilik və ədavət törədirlər və buna görə şeytan o əməllərin yayılması üçün əlindən gələn hər şeyi edir. Xüsusilə, bu, sərxoşedici içkilərin istifadə edilməsinə və qumar oyunlarına aiddir, çünki onlar hətta möminlər arasında da düşmənçilik və ədavət yaymağa qabildir.
Beşincisi, sərxoşedici içkilər insanı aydın mühakimə yürütməkdən məhrum edir və onda iman sahibi olan qardaşlarına qarşı nifrət oyadır, adətən, şərab içilən əlverişsiz hallarda isə, iş gedib qətlə qədər çıxır. Qumar oyunları zamanı insanlar bir-birini qabaqlamaq, başqasının malını, ona heç bir xidmət göstərmədən, əlinə keçirməyə can atır ki, bu da düşmənçiliyin və ədavətin baş verməsinə səbəb olan amillərə aiddir.
Altıncısı, bu əməllər üzündən insan qəlbi və bədəni ilə Allahı zikr etməkdən və namaz qılmaqdan uzaqlaşır. Halbuki, Allah qullarını Onu xatırlamaq və namaz qılmaq üçün xəlq etmişdir və sonuncular insanların səadətinin rəhnidir. Çaxır içmək və qumar oynamaq insanı hər şeydən daha güclü surətdə Allahı yada salmaqdan yayındırır və onu o dərəcədə aludə edir ki, insan nə qədər çox vaxt keçməsindən xəbərdar olmur.
İnsanı çirkaba salan və şeytanın əməllərinə aid olan günahlardan daha dəhşətli və daha yaramaz nə ola bilər ki, onu toruna ilişməyə və, heyvan öz çobanına tabe olduğu kimi, özünə itaət etməyə məcbur edir və insana uğur qazanmağa mane olur, möminlər arasında düşmənçilik və ədavət yaradır və onları Allahı xatırlamaqdan və namazdan uzaqlaşdırır?! Bunlardan ağır nəticələr verə bilən, ümumiyyətlə, daha nə ola bilər?!
Bunu nəzərə alaraq, Fövqəluca Allah dərrakəli insanlara bu günahları törətməyi qadağan edərək buyurmuşdur ki, onlardan özləri boyun qaçırsınlar. Bunun səbəbləri ondadır ki, əgər dərrakəli insan belə əməllərin pis nəticələri üzərində düşünərsə, heç kimdən öyüd-nəsihət və qəti xəbərdarlıqlar gözləmədən hökmən onlardan imtina edər.” (Bax “Təfsir Əs-Saadi”).