Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türkiyə İraqın ərazi bütövlüyünün qorunmasına kömək etməyə hazırdır

Sentyabr 27
17:07 2017

Ankara İraqın kürd muxtariyyətində keçirilən müstəqillik referendumundan sonra Bağdadın müvafiq sorğusu əsasında bu ölkənin ərazi bütövlüyünün qorunmasına dəstək verməyə hazırdır.

Selefxeber.az xəbər verir ki, “APA”nın “Anadolu”ya istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

“Biz İraqın ərazi bütövlüyünü təkcə sözdə dəstəkləmirik. Əgər İraqhökuməti Ankaraya müvafiq çağırış edərsə, biz qonşu ölkənin bütövlüyünün qorunmasına dair səyləri dəstəkləyəcəyik”, – deyə Çavuşoğlu qeyd edib.

Türkiyə ordusunun İraqda əməliyyat keçirməsinin mümkünlüyünü şərh edən nazir qeyd edib ki, Ankara İraq hökumətinin müvafiq müraciəti əsasında addımlar atmaq niyyətindədir: “Əgər Baqdad Ankaraya çağırış edərsə, biz beynəlxalq normalara əsaslanan hüququmuzdan yararlanacağıq. Ankara üçün əsas olan İraqın mərkəzi hakimiyyətinin mövqeyidir”, – deyə Çavuşoğlu vurğulayıb.

O əlavə edib ki, İraqdakı etnik türkmənlərə qarşı yarana biləcək təhlükə Ankara tərəfindən hərbi əməliyyat üçün səbəb kimi qiymətləndiriləcək.

Mövlud Çavuşoğlu, Türkiyənin xarici ölkələri İraqın kürd muxtariyyətində keçirilən müstəqillik referendumunun nəticələrini tanımağın yolverilməz olması barədə xəbərdar etdiyini qeyd edib.

Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalındakı kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Səsvermənin yekun nəticələri bu gün elan ediləcək.

İraq hökuməti referendumu qeyri-legitim elan edib. Referenduma qarşı həmçinin Türkiyə, İran, ABŞ və BMT çıxış edib.

Bundan əvvəl İraqın Nazirlər Kabineti muxtariyyət rəhbərliyindən bölgədəki hava limanları və sərhəd-buraxılış məntəqələri üzərində nəzarəti rəsmi Bağdada verməyi, xarici ölkələrdən isə muxtar bölgə ilə neft sahəsində əməkdaşlığa son qoymağı tələb edib.

Digər xəbərlər