Türkiyə Kərkükü qaytara bilər
1. 091 dəfə baxılıb
İraq Kürd Muxtar Vilayətində müstəqillik referendumunun keçirilməsinin planlaşdırılması 1926-cı ildə imzalanan Ankara anlaşmasının gündəmə gəlməsinə səbəb olub. Bu anlaşmaya əsasən, İraqın Mosul və Kərkük şəhərləri Türkiyənin “Misaki-milli” sərhədləri elan edilib, onun tabeliyinin İraqdan başqa üçüncü dövlətə verilməsi qadağan olunub. Şimali İraqda müstəqil kürd dövlətinin yaradılması cəhdi isə Ankaranın yenidən bu torpaqları özünə birləşdirməsi üçün imkan yaradıb. Türkiyə Təhlükəsizlik Şurası artıq bu müqavilənin tətbiqi üçün sentyabrın 22-də iclas keçirməyi planlaşdırır.
Selefxeber.az-ın məlumatına görə, “Axar.az” 91 il öncə imzalanan müqavilənin mətnini tam şəkildə təqdim etmişdir:
Maddə 1: Türkiyə ilə İraq arasındakı sərhəd Millətlər Liqasının 29 oktyabr 1924-cü il tarixli iclasında qərarlaşdırdığı şəkildə (Brüssel sərhəd xətti) müəyyənləşdirilmişdi.
Maddə 2: Son bəndi gizli qalmaq şərti ilə 1-ci maddədə müəyyən edilən sərhəd bu razılaşmaya bağlı olan 1:250000 miqyaslı xəritə üzərində göstərilmişdi. Mətnlə xəritə arasında fərq olacağı təqdirdə mətn etibarlı olacaqdır.
Maddə 3: 1-ci maddədə göstərilən sərhəd xəttini ərazi üzərində müəyyənləşdirmək üçün “Sərhəd Komissiyası” qurulacaq, bu komissiya Türkiyə hökuməti tərəfindən təyin olan iki nümayəndə və İngiltərə ilə İraq hökumətləri tərəfindən bərabər şəkildə təyin edilən iki təmsilçi, İsveçrə prezidentinin uyğun görəcəyi təqdirdə İsveçrə vətəndaşları arasından seçiləcək bir rəhbərdən formalaşacaq. Komissiya ən qısa zamanda və ən gec bu anlaşmanın qüvvəyə minməsindən başlayaraq altı ay içində toplanacaq və çoxluğun alacağı qərara bütün tərəflərin əməl etməsi məcburi olacaqdır.
Təhdidi Hüdud Komissiyası hər vəziyyətdə bu anlaşmadakı istiqamətləri yaxından izləməyə çalışacaq, komissiyanın məsrəfləri Türkiyə ilə İraq arasında bərabər şəkildə qarşılanacaqdır.
Sözügedən dövlətlər komissiya triangulyasiya nöqtələrinə, sərhəd işarələrinə əməl etməlidirlər. Sərhəd işarələri birindən digəri görülə biləcək şəkildə yerləşdiriləcək və üzərlərinə nömrə qoyulacaqdır. Bunların mövqeləri ilə nömrələri xəritə üzərində göstəriləcəkdir.
Sərhədin müəyyən edilməsi haqqında yekun protokol və buna uyğun xəritə üç nüsxə şəklində müəyyən ediləcək və bunlardan ikisi həmsərhəd dövlətlərin hökumətlərinə və üçüncüsü, əslinə uyğun təsdiqlənmiş surətləri Lozanna anlaşmasına imza qoyan dövlətlərə təbliğ edilməsi üçün Fransa hökumətinə veriləcək.
Maddə 4: 1-ci maddə gərəyincə, İraqa verilən ərazidəki əhalinin vətəndaşlığı Lozanna anlaşmasının 30-36 maddələrinə istinad edilərək, həll ediləcəkdir. Tərəflər Lozanna anlaşmasının 31, 32 və 34 maddələrində qeyd olunan seçmə haqqının bu anlaşmanın qüvvəyə mindiyi tarixdən başlayaraq 12 il müddətində qüvvədə ola biləcəyini qərarlaşdırıblar.
Maddə 5: Tərəflərdən hər biri 1-ci maddədə müəyyən edilən sərhəd xəttinin dəqiq və pozulmaz olduğunu qəbul edərək, bunu dəyişdirməyə səbəb olan hər cür təşəbbüsdən yayınmağı təəhhüd edər.
Maddə 6: Tərəflər bir və ya bir neçə silahlı şəxsin sərhəd məntəqəsində quldurluq etmək məqsədiylə atacaqları addımlara, sahib olduqları bütün vasitələrlə mane olmağı və bunların sərhəddən keçmələrinə mane olmağı qarşılıqlı şəkildə öhdələrinə götürürlər.
Maddə 7: 11-ci maddədə göstərilən məsul məmurlar sərhəd məntəqəsində quldurluq etmək üçün bir və ya bir neçə silahlı şəxsin hazırlıq gördüyü xəbərini aldıqda bir-birini xəbər edəcəklər.
Maddə 8: 11-ci maddədə müəyyən məsul məmurlar olduqları yerlərdəki ola biləcək quldurluq fəaliyyətlərindən bir-birilərini qarşılıqlı şəkildə xəbərdar edəcəklər.
Xəbərdar ediləcək məmurlar əllərindəki bütün vasitələrlə qeyd olunan cinayətkarların sərhəddən keçmələrinə mane olmağa cəhd edəcəklər.
Maddə 9: Silahlı bir və ya bir neçə şəxs sərhəd məntəqəsində bir cinayət törətdikdən sonra digər sərhəd məntəqəsinə keçərsə, oranın bu şəxsləri silahları və oğurladıqları əşya ilə birgə qarşı tərəfə verməsi məcburidir.
Maddə 10: Anlaşmanın bu fəslinin tətbiqat məntəqəsi Türkiyəni İraqdan ayıran bütün sərhəd ilə bu sərhədin hər iki tərəfində 75 kilometr dərinliyində yerləşən məntəqədir.
Maddə 11: Anlaşmanın bu fəslini tətbiq etmək üçün məsul olan məmurlar bunlardır: Ümumi iş birliyini tənzim edəcək və görüləcək tədbirlərin məsuliyyətini öz üzərinə götürmək şərti ilə; Türkiyə tərəfindən hərbi sərhəd komandanı, İraq tərəfindən Mosul və Ərbil mütəsərrifləri; məhəlli bilgilərin və təcili təbliğatın mübadiləsi üçün Türkiyə tərəfindən valilərin uyğun gördüyü məmurlar; İraq tərəfindən isə Zaho, İmadiyə, Zibar və Revanduz valiləridir.
Maddə 12: Türkiyə ilə İraq məmurları digər tərəfin vətəndaşlığından olan, öz torpaqları üzərində olan tayfa bəyləri, şeyx və ya digərləri ilə rəsmi və ya siyasi mahiyyətə sahib hər cür xəbərləşmədən yayınacaqlar. Tərəflər sərhəd məntəqəsində digər dövlət əleyhinə yönələn heç bir təbliğat təşkilatına və quruluşuna icazə verməyəcəklər.
Maddə 13: Anlaşmanın bu fəslinin hökmlərinin icrasını asanlaşdırmaq və sərhəd üzərində yaxşı qonşuluq münasibətlərini davam etdirmək üçün zamanla Türkiyə və İraq hökumətləri tərəfindən qarşılıqlı olaraq təyin ediləcək bərabər sayda məmurlardan mürəkkəb bir Daimi Hüdud Komissiyası qurulacaq və ən az altı ayda bir dəfə və vəziyyət tələb edəcəyi təqdirdə daha sıx şəkildə toplanacaqdır. Sıra ilə Türkiyə və İraqda toplanacaq bu komissiya anlaşmanın hər cür sərhəd məsələlərini dostca həll etmək vəzifəsi ilə mükəlləf olacaqdır. Komissiya bu anlaşmanın qüvvəyə mindiyi tarixdən iki ay sonra ilk olaraq Zahoda toplanacaqdır.
Maddə 14: Hər iki ölkə arasında ortaq maraqlar sahəsini genişlətmək məqsədi ilə İraq hökuməti bu anlaşmanın qüvvəyə mindiyi gündən etibarən 25 il boyunca, 14 mart 1925-ci il tarixli İmtiyaz Müqaviləsinin 30-cu maddəsi gərəyincə “Turkish Petroleum Kompanyası”ndan, neft ixrac edə biləcək olan şirkətlərdən və ya şəxslərdən təşkil ediləcək olan müavin şirkətlərdən gələn gəlirlərin 10%-ni Türkiyə hökumətinə ödəyəcəkdir.
Maddə 15: Türkiyə və İraq, dost dövlətlər arasında keçərli bir “cinayətkarların iadəsi” anlaşması imzalamaq üçün açıq müzakirələrə başlamağa qərar veriblər.
Maddə 16: İraq hökuməti öz ölkəsində olan şəxsləri bu anlaşmasına imzalanmasına qədər Türkiyə lehindəki düşüncə və siyasi hərəkətlərindən dolayı tədirgin etməməyi və onlara ən geniş mənada ümumi əfv elan etməyi öhdəliyinə götürür.
Bu mövzuda verilmiş məhkəmə qərarlarının hamısı yararsız qəbul ediləcək və davam etdirilən bütün proseslər dayandırılacaqdır.
Maddə 17: Bu anlaşmanın ikinci fəsli qüvvəyə mindikdən sonra 10 il boyunca qüvvədə qalacaq.
Maddə 18: Bu anlaşmanı təsdiq edəcək, anlaşmanın təsdiqlənmiş sürətləri Lozanna anlaşmasını imzalayan dövlətlərə göndəriləcəkdir.