Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ümumdünya Səhiyyə Təşkilatı enerji içkiləri barədə hesabat verib

Oktyabr 18
15:01 2014

“Sələf Xəbər” ensonhaber.com saytına istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (WHO) enerji içkilərinin insan sağlamlığına mənfi təsir göstərdiyini, xüsusilə gənclər və uşaqların bu içkidən çox istifadə etdiyini bildirib.

Yüksək kofein tərkibli enerji içkiləri, xüsusilə uşaq və gənclərin sağlamlığı üçün təhlükədir. Enerji içkilərinin həddən artıq miqdarda içilməsi, kofein zəhərlənməsi riskini artırır. Təşkilatın Avropa üzrə regional ofisi enerji içkilərinin insan sağlamlığına təsiri mövzusunda geniş bir hesabat hazırlayıb. Hesabata əsasən, enerji içkiləri, sağlamlığa mənfi təsir göstərir. Beyni stimullaşdırdığı səbəbilə təşviq edilən enerji içkiləri, müvəqqəti olaraq təhsil performansını artırır. Bu səbəbdən, xüsusilə uşaqlar və gənclər tərəfindən tez-tez istehlak olunur.

Kofein zəhərlənməsi riski
Hesabata əsasən, enerji içkiləri ilə bağlı ən böyük problem, içkinin tərkibindəki kafeinin miqdarıdır. Qəhvə isti olduğu üçün yavaş-yavaş içilir. Lakin, enerji içkisi soyuq olduğu üçün qısa müddətdə həddən artıq miqdarda istehlak olunur. Bu da, kofein zəhərlənməsi riskini artırır. Avropa Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmaya əsasən, uşaqların orqanizminə daxil olan kofeinin 43%-i enerji içkiləri vasitəsilə qəbul edilir. Bu rəqəm gənclərdə 13%, yetkin insanlarda isə 8%-dir.

Gənclərin 70%-i enerji içkilərini spirtli içkilərlə qarışdırır
18-29 yaş arası gənclərin 70%-i enerji içkisini spirtli içki ilə qarışdırır. Bunun səbəb olduğu problemlərdən biri, enerji içkisinin spirtin təsirini azaltdığı üçün insanın sərxoş olduğunu gec anlaması ilə nəticələnməsidir. ÜST Avropa regional ofisinin hesabatına əsasən, ABŞ və Avstraliyada aparılan araşdırmalar həddən artıq enerji içkisi istehlakından qaynaqlanan problemlərin artdığını göstərib. Təşkilat bu cür araşdırmaların Avropada da həyata keçirilməsinin zəruri olduğunu vurğulayıb. Enerji içkiləri Türkiyə və bütün Avropa ölkələrində satılır.

Məhdudiyyətlər tətbiq edilməlidir
Lakin bəzi ölkələr bu içkilərə qarşı tədbirlər görməyə başlayıb. Məsələn, Macarıstanda enerji içkilərinə xüsusi vergi tətbiq edilib. İsveçdə bəzi içkilər yalnız apteklərdə satılır və onların uşaqlara satışı qadağandır. ÜST Avropa regional ofisinin araşdırma heyəti, enerji içkilərinin uşaqlara mənfi təsirinin artdığını bildirib. Bu səbəblə, enerji içkiləri üçün yaş məhdudiyyətlərinin tətbiq edilməsi tövsiyə edilir.

Təşkilat həmçinin maksimum kofein səviyyəsinin müəyyən olunması və sözügedən içkiləri uşaq və gənclərə təşviq edən reklamların qadağan olunmasını da tövsiyə edir. Hesabatda, həkimlərin enerji içkisi ilə bağlı səhhət problemlərinin əlamətlərini daha asan müəyyən edə bilmələri üçün təlim keçmələri də tövsiyə edilir. Spirtsiz və yüksək miqdarda kofein tərkibli enerji içkilərinin tərkibində eyni zamanda vitamin və stimulyasiya edici təsirə malik taurin, jenşen (yeradamı), quarana kimi maddələr var.

Türkiyə bazarında getdikcə artan enerji içkilərinin miqdarı, 2012-ci ildəki rəqəmlərlə müqayisədə 30 milyon litrdən artıqdır. Türkiyədə hər adambaşına düşən illik enerji içkisi istehlakı 0, 33 qutudur. Bu rəqəm Avropada daha yüksəkdir. Adambaşına düşən illik enerji içkisi istehlakı Avropada orta hesabla təqribən 10 qutudur.

Digər xəbərlər