YUNESKO səs verdi: Məbəd dağı və yəhudilik arasında heç bir əlaqə yoxdur
1. 211 dəfə baxılıb
Elm, Təhsil və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatı (YUNESKO) İcraiyyə Komitəsi yəhudilərin Məbəd dağı adlandırdıqları Məscidül-Əqsa kompleksinin yəhudi xalqı ilə əlaqəsini inkar edən sənədin lehinə səs verib.
Selefxeber.az “The Jerusalim Post” a istinadən xəbər verir ki, sənədin məzmununda “Əl-Aqsa” məscid kompleksi ilə İslamın xüsusi tarixi əlaqəsinin olduğu və yəhudilərin Qüds (Yerusəlim) ərazisindəki müqəddəs məkanlarla heç bir əlaqəsi olmadığı bildirilib.
Bundan başqa, sənəd Qüds ərazisində müsəlmanların hüquqlarının pozulmasına görə və İslamın üçüncü müqəddəs məkanı olan “Əl-Aqsa” məscidində ibadət etmələrinə imkan vermədikləri üçün İsrail dövlətini kəskin tənqid edir.
YUNESKO-nun İcraiyyə Komitəsinin tərkibinə 58 ölkənin nümayəndələri daxildir. Səsvermədə 24 ölkə qətnamənin lehinə, cəmi 6 ölkə əleyhinə səs verib, 26 ölkə isə bitərəf mövqe tutub.
Səsvermədə İsraili dəstəkləyən və qətnamənin əleyhinə səsvermədə iştirak edən 6 ölkə siyahısına ABŞ, Böyük Britaniya, Almaniya, Litva, Estoniya, Niderlandiya daxil olub.
Qətnaməni dəstəkləyən isə Rusiya, Çin, Əlcəzair, Banqladeş, Mərakeş, Oman, Livan, Qətər, İran, Meksika və digər ölkələrin nümayəndə heyətləri olublar.
İspaniya, İtaliya, Fransa, Yunanıstan, Ukrayna, Yaponiya, Albaniya, İsveç isə bitərəf qalan dövlətlər sırasında yer alıb.
İsrailin baş naziri Binyamin Netanyahu YUNESKO tərəfindən keçirilən səsvermə üçün “YUNESKO-da absurd teatr davam edir” ifadəsini səsləndirib.
YUNESKO-nun İsrail səfiri və daimi nümayəndəsi Karmel Şama bir çox Avropa ölkələrinin qətnaəmənin əleyhinə səs verməsi və bitərəf qalmalarına görə məmnunluq hissi keçirdiyini vurğulayıb.
Sələf Xəbər: Uca Allah bizə zülm etməyi qadağan etmiş və zülmün cəzasının ağır olduğunu bildirmişdir. “Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (Ənam surəsi: 93).
Səhih hədisdə isə zülmə məruz qalmış məzlumun duasının mütləq qəbul olunması deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üç dua vardır ki, onlar qəbul olunar – məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”. (Buxari rəvayət etmişdir).