Azərbaycanda dəbdəbəli qəbir daşlarına son qoyulur
940 dəfə baxılıb
Azərbaycanda vahid qəbiristanlıq qaydalarının tətbiqi ilə bağlı qanun layihəsi üzərində iş aparılır.
“Sələf Xəbər” Trend-ə istinadən məlumat verir ki, bu barədə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, bununla bağlı ayrı-ayrı ölkələrin təcrübəsi öyrənilir: “Orta Asiya ölkələrində, Avropa ölkələrində də belə təcrübə var. Hazırda bu təcrübələri öyrənirik, məsləhətləşmələr aparırıq”.
O, qeyd edib ki, qanun lahiyəsində qəbirlərin ölçüləri, forması ilə bağlı bir sıra məsələlər nəzərdə tutulur: “Qanunun tətbiqindən sonra kimliyindən, varlı və ya kasıb olmasından asılı olmayaraq, hər kəsin qəbri eyni olacaq. Dəbdəbəli qəbir daşlarının qoyulmasına yol verilməyəcək”.
Komitə sədri əlavə edib ki, qəbiristanlıqlara nəzarət funksiyasının bələdiyyələrə verilməsi nəzərdə tutulur.
Sələf Xəbər: Dinimiz bizə həyatımızın hər anında necə davranmalı olduğumuzu öyrətmişdir.
Əsası, ibadəti Tək olan Allaha aid etmək və insanlar arasında bərabərliyi saxlamaq olan, sosial təbəqələşməyə yox deyən İslam şəriəti müqəddəsləşdirilmək ehtimalı olan hər bir işə xüsusi diqqət ayırmış, bunun üçün qəti şəriət qanunları qoymuşdur. Dəfn mərasimi və qəbirlərin necəliyi də bu qəbildəndir. Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) bizə bu haqda bir çox hədislərdə təlimlər vermişdir. Rəvayətlərin birində o, Əliyə (Allah ondan razı olsun) hündür qəbirləri bir qarış yüksəkliyində saxlamağı əmr etmişdi. Bu əsasla qəbirin bir qarışdan yüksək edilməsi qadağan edilmişdir.
Dinimizin qaydalarına görə, kim yaxşı iş qoyub gedərsə, ona əməl edən hər kəsdən ona da savab yazılar. Kim pis iş qoyub gedərsə, əməl edənlərin hər birindən ona günah gedər.