Sələf Xəbər


İCMAL VƏ RƏY

 Son Xəbərlər

ABŞ sanksiyaları: Bakı Rusiya silahından imtina edir – Şərh

Noyabr 01
16:27 2017

Son günlər ABŞ-ın Rusiyanın hərbi müəssisələrinə qarşı sanksiyalar hazırlaması gündəmdədir. Yeni hazırlanan siyahıya 33 Rusiya şirkətinin və təşkilatının adı düşüb. Bir çox ekspert yeni sanksiyaların ABŞ-a Rusiya hərbi şirkətləri ilə əlaqə saxlayan hər kəsi cəzalandırmaq üçün geniş imkanlar yaratdığını bildirir. Azərbaycan da Rusiyadan kifayət qədər çox silah alır. Demək olar ki, Azərbaycanın son illərdə silah ticarəti üzrə ən böyük tərəfdaşı Rusiyadır. ABŞ sanksiyalarının Azərbaycan üçün hansısa narahatlığı ola bilərmi?

Selefxeber.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, bütün bunlar Rusiya ilə ABŞ arasındakı münasibətlərin getdikcə gərginləşməkdə davam etdiyini göstərir:

“ABŞ-ın fikrincə, Rusiya dünyada qeyri-stabilliyin mərkəzidir və imperialist təfəkkür tərzinin və hərəkətlərin daşıyıcısı kimi dünyada bəlli bir düzənin formalaşmasına mənfi təsir göstərir. Yeni sanksiyaların qorxulu tərəfi həmin şirkətlərdən hərbi məhsullar alan ölkələrin də sanksiyaların təsir altına düşməsi ilə bağlıdır. Nəzərə alaq ki, Azərbaycan Rusiyadan ən çox silah alan ölkələrdən biridir.

İndiyə kimi Azərbaycan Rusiyadan 5 milyard dollarlıq silah alıb və onların 10 faizə qədərinin göndərilməsi hələ başa çatmayıb. Bundan əlavə, Rusiyadan yeni silahların da alınması gündəmdədir. Amma bu “mütləq alınacaq” demək deyil. Yəni Rusiyadan silah alınması ilə bağlı Azərbaycan dövlətinin qarşısında öhdəlik yoxdur. Çünki Azərbaycan son vaxtlar daha müasir silahlar almaq üçün İsraillə, Pakistanla, hətta bəzi Avropa ölkələri ilə (Serbiya, Belarus) əlaqələrini genişləndirir.

Nəzərə alaq ki, Rusiya silahlarının qiyməti çox bahadır və Rusiya həmin silahların istehsalının Azərbaycanda təşkil edilməsinə qətiyyən maraq göstərmir, amma Belarus, Serbiya, Pakistan, Türkiyə isə Azərbaycana silah satmaqla yanaşı, həmin silahların istehsalının Azərbaycanda da həyata keçirilməsinə razılıq verib. Bu sahədə əvvəlcə Türkiyə və Belarusiya ilə əlaqələr sürətlə inkişaf edir. Türkiyə Azərbaycanda hərbi sənaye kompleksini formalaşdırmaqda yaxından iştirak edir.

Gələcəkdə Azərbaycan zirehli texnika sahəsində istehsalı tamamilə öz əlinə almaq istəyir. Təsadüfi deyil ki, Azərbaycanda artıq Cənubi Afrika ölkəsinin də köməyi ilə zirehli transportyorların istehsalı həyata keçirilir. Belə olan təqdirdə düşünürəm ki, Azərbaycanın Rusiyadan silah almasına ehtiyac da qalmayacaq”.

Politoloq qeyd edib ki, ABŞ-ın Rusiyaya qarşı elan edəcəyi sanksiyaların Rusiya ilə silah ticarəti edən ölkələrə də şamil olması müşahidə olunarsa, Azərbaycan əlbəttə ki, Rusiyadan silah almağa son qoyacaq:

“Onsuz da Azərbaycan lazım olan silahları artıq Rusiyadan alıb. Bundan sonra silah sahəsində Rusiya ilə əməkdaşlığı o qədər də faydalı saymaq olmaz. Çünki Azərbaycan özünə yeni partnyorlar tapıb. Həmin partnyorlarla Azərbaycan həm silah ticarəti etmək, həm də silah istehsalını Azərbaycanda təşkil etmək iqtidarındadır.

Bu nöqteyi-nəzərdən deyə bilərik ki, dünya silah bazarı çox böyükdür və Azərbaycan bu silah bazarına tədricən daxil olmaqdadır. Məsələn, yaxın vaxtlarda Avropa Birliyi ilə tərəfdaşlıq sazişini imzalayacağıq. Avropa Birliyi də artıq Azərbaycana silah sata biləcəyi ilə bağlı işarələr də verib. Azərbaycanın silah almaq, bu sahədə manevr etmək imkanları çox genişdir və bu siyahıda Rusiya heç də birinci yerdə dayanmır. Azərbaycan özü üçün ən əlverişli olan variant hazırlayıb həyata keçirəcək”.

Analitik Elçin Mirzəbəyli bu sanksiyaların Azərbaycana hər hansı bir neqativ təsiri olmayacağını bildirib. Onun sözlərinə görə, bizim Rusiyanın silahlarına ehtiyacımız yoxdur:

“Rusiyanın öz silahlarını necə satdığını dünyada hər kəs yaxşı bilir. Rusiyanın hərbi-sənaye kompleksinə yönəldilməsi nəzərdə tutulan sanksiyaların əsas məqsədi bu ölkəyə enerji sektorundan sonra ən çox gəlir gətirən bir sahəyə zərbə vurmaqdır. Rusiyanın hərbi-sənaye kompleksi son illərdə çox inkişaf edib. Bu isə öz növbəsində ABŞ-ı narahat etməyə bilməz.

Digər tərəfdən, Rusiya silah bazarında ABŞ-ın ən böyük rəqibidir. Vaşinqtonun öz rəqibini zərərsizləşdirməsi istiqamətində atdığı addımlar bu müstəvidən də təbii qəbul olunmalıdır. Bu sanksiyaların bir tərəfi də Türkiyə-Rusiya hərbi əməkdaşlığına toxuna bilər. Ankaranın Moskva ilə əməkdaşlığı, S-400 raketlərini birgə istehsal etmək niyyəti Vaşinqtonun ürəyincə deyil”.

Analitik qeyd edib ki, Azərbaycanın hərbi-sənaye sahəsində əməkdaşlıq etdiyi ölkələrin sayı çoxdur:

“Ölkəmiz son dövrlərdə hərbi əməkdaşlıq müstəvisində atdığı addımlarla özünü sığortalayıb. Ölkəmizin əməkdaşlıq etdiyi dövlətlər arasında Türkiyə, İsrail, Belarus, Ukrayna, Cənubi Afrika, Pakistan və digər dövlətlər var. Son dövrlərdə hətta İranla da hərbi əməkdaşlıq müstəvisində müəyyən addımlar atılır. Ruslar özləri də etiraf edirlər ki, Azərbaycan özünə lazım olan silahı istədiyi yerdən alacaq. Bu baxımdan, sanksiyaların ölkəmizə hər hansı bir formada təsir göstərəcəyini düşünmürəm”.

Digər xəbərlər