Sələf Xəbər


İCMAL VƏ RƏY

 Son Xəbərlər

“Ağ ölüm” ilə mübarizə

Sentyabr 25
21:23 2014

“Sələf Xəbər” Daily Mail qəzetinə istinadən bildirir ki, qidaların tərkibindəki şəkərin miqdarını tənzimləmək üçün işlənib-hazırlanmış yeni qaydalar təsdiqlənərsə, cəmi yarım banka Coca-Colanın tərkibindəki şəkər, gündəlik tövsiyə olunan şəkər qəbulu miqdarını ötəcək.

Yeni qaydalara əsasən, gündəlik tövsiyə olunan şəkər qəbulu miqdarı gün ərzində cəmi 14 qrama – yəni 3 qənd parçasına bərabər miqdara endiriləcək.

Piylənmə ilə mübarizə aparmaq üçün işlənib hazırlanan tamamilə yeni planın bir hissəsi kimi, məktəblərdə şəkər tərkibli qidaların qadağan olunması müzakirə olunur. Aparıcı akademiklər ictimai yerlərdə şirniyyat və qazlı içkilər satan avtomatların yığışdırılmasını məqsədəuyğun hesab edirlər.

Onlar həmçinin şəkərli içkilərin və şəkərlə zəngin qidaların pərakəndə satış qiymətini ən az 20% artırmaqla “şəkər vergisi” tətbiq etməyə çağırıblar.

Ümumdünya Səhiyyə Təşkilatının cari qaydalarına əsasən, ümumi enerji qəbulunun maksimum 10 %-i azad şəkərlərdən ibarət olmalıdır. Azad şəkərlər, meyvələrdə olan təbii şəkərlərdən fərqli olaraq, qazlı içkilər və qənnadı məmulatlarına süni olaraq əlavə edilən şəkərlərdir.

Bu, təqribən gün ərzində maksimum 50 qr azad şəkərə (10 parça) bərabərdir.  Lakin, Londonun Universitet Kolleci və London Gigiyena və Tropiki Təbabət Məktəbinin apardığı araşdırma nəticəsində, insanın qida rasionundakı şəkərlərin ümumi enerji qəbulunun 3%-dən artığını təşkil etməməli olduğu məlum olub.

Aparılmış son araşdırmanın hesabatını hazırlamış alimlər, 5%-i mütləq maksimum hesab edir.  330 ml-lik Coca Cola-nın tərkibində 35 qr şəkər var. Diet Coke və Coke Zero içkiləri isə şəkərsizdir. Alimlər bildirir ki, kəskin diş çürümələri və piylənmə səviyyəsinin qarşısının alınması üçün güclü tədbirlər görülməlidir.

Onların əldə etdiyi və BMC Public Health jurnalında nəşr olunmuş nəticələr, şəkərlərin diş çürümələrinə təsirini təhlil edərək, diş çürüməsinin yeganə səbəbkarının şəkər olduğunu göstərib. Böyük Britaniyada tətbiq edilən cari qaydalara əsasən, şirinləşdirilmiş qidalar, qazlı içkilər, ballar, siroplar və meyvə şirələrinə əlavə edilmiş şəkərlər, bizim qidadan əldə etdiyimiz ümumi enerji qəbulunun 10%-dən artığını təşkil etməməlidir.

Bu, gün ərzində təqribən 50 q şəkər – böyüklər və yeniyetmələr üçün 10 parça şəkər, 5-10 yaş arası uşaqlar üçün isə 9 parça şəkərə bərabərdir. Lakin, bu yalnız qidaları şirinləşdirmək üçün əlavə edilmiş şəkərlərə aiddir. Süd, tərəvəz və quru meyvələr də daxil olmaqla, meyvələrdə (meyvə şirəsi yox) olan şəkərlər insan orqanizminə o qədər də zərər vurmur. Diet Coke və Coke Zero içkiləri şəkərsizdir, 330 ml-lik Diet Coke içkisinin tərkibində cəmi bir kalori və 0.01 qr duz var.

Şəkər qəbulunu necə azaltmaq olar?

Sağlam, balanslaşdırılmış qida rasionuna malik olmaq üçün, əlavə edilmiş şəkərlərdən ibarət qidalar və içkilərin qəbulunu azaltmaq lazımdır. Aşağıdakı məsləhətlər qida rasionunuzdan şəkəri azaltmağa kömək edə bilər:

▪ Şəkərli qazlı içki və ya şəkərli meyvə şirələri əvəzinə suya və ya şirinləşdirilməmiş meyvə şirəsinə üstünlük verin. Uşaqlara verdiyiniz bu içkilərə su qatın.

▪ Əgər qazlı içkilər sevirsinizsə, meyvə şirəsini qazlı su ilə qarışdırıb için.

▪ Tortları və ya peçenyeni qarağatlı kökəyə, buğda kökəsinə və ya səməni çörəyinə dəyişin.

▪ Əgər isti içkilərə və səhər yeməklərinə şəkər əlavə edirsinizsə, şəkərin miqdarını tədricən azaldın.

▪ Çörəyinizin üstünə cem, mürəbbə, sirop, patoka və ya bal yaxmaq əvəzinə, yağlılığı az olan bir yaxma, doğranmış banan və ya yağlılığı az olan qaymaqlı pendir çəkin.

▪ Daha az əlavə edilmiş şəkərli qidalar seçə bilmək üçün qidaların üzərini oxuyun.

▪ Reseptlərdə istifadə etdiyiniz şəkərin miqdarını yarıbayarı azaldın. Cem, beze və dondurma istisna olmaqla, qalan bütün reseptlərdə bu işə yarayır.

▪ Sirop əvəzinə tənəkə qutularda meyvə alın.

▪ Səhər yeməyinə kəpəkli taxıllar alın, lakin üzəri şəkər və ya balla örtülmüş taxıllar olmasın.

Zərərli əlavə edilmiş şəkərlərin iki ən geniş yayılmış forması adi şəkər (sukroza) və yüksək fruktoza tərkibli, qarğıdalıdan hazırlanmış maye şirinləşdirici, qarğıdalı siropudur. Bu şəkərlərin hər ikisi qazlı içkilərdən tutmuş hazır qidalara qədər bir çox qidaların tərkibində yer alır. NHC Choices saytı təklif edir ki, tərkibində 100 qram nisbətində 5 qramdan az şəkər olan  qida və ya içkilər aşağı şəkərli, 15 qramdan çox şəkər olanlar isə yüksək şəkərli qidalar kimi təsnifatlaşdırılsın.

Lakin, şəkər insanın gündəlik rasionunun mühüm bir hissəsi, bədənin bütün hüceyrələrini enerji ilə təmin edən vacib bir “yanacaqdır”. Lakin, ifrat dərəcədə şəkər səviyyəsi şəkərli diabet riskinin artmasına səbəb olan insulin hormonu ilə əlaqələndirilir. Bundan əlavə, bədən artıq şəkəri piyə çevirərək əsas orqanların ətrafında toplayır və bununla da qara ciyər və ürək xəstəlikləri riski artmış olur.

Bəzi mütəxəssislər hesab edir ki, yüksək şəkər tərkibli qidalar bəzi xərçəng növlərinin inkişafına səbəb olur. Əlavə edilmiş şəkərlərin tərkibindəki əsas inqrediyentlərdən biri olan qlükozanın insulininsəviyyəsini qaldırdığı güman edilir. Bir çox şişlər insulin reseptorlarına malik olur və bu hormonun səviyyəsinin artması şişlərin böyüməsinə səbəb olur. Doğrudur, araşdırmalar zamanı bunun niyə baş verdiyini aşkar etmək mümkün olmayıb.

Araşdırmanın müəllifi, London Universitet Kollecinin Diş Sağlamlığı bölməsinin professoru Obri Şeyham bildirib: “Diş çürümələri dünyada geniş yayılmış ciddi bir problemdir və şəkər qəbulunun azaldılması ciddi fərqə səbəb ola bilər. Nigeriyada yaşayan bütün yaşlarda insanların yalnız 2%-i diş çürüməsindən əziyyət çəkir, onların rasionunda demək olar ki, şəkər yer almır. Onlar gün ərzində cəmi 2 qram şəkər qəbul edirlər.

Coke Zero içkisinin tərkibində şəkər yoxdur və 300 ml-lik banka cəmi 1 kalori təşkil edir. Yeni araşdırmanı həyata keçirən akademiklər həmçinin, piylənmə və diş çürümələri ilə mübarizə aparmaq üçün şəkərli qidaların məktəblərdə qadağan edilməsinə, ictimai yerlərdə şəkərli qidalar və içkilər satan avtomatların yığışdırılmasına çağırıblar: “Tam əksinə, ABŞ-da, böyüklərin 92%-də diş çürüməsi müşahidə olunub”.

Diş çürümələri ilə mübarizə aparmaq məqsədilə, müəlliflər şəkər istehlakını azaltmaq üçün radikal dəyişikliklər etməyə çağırıb. Araşdırmanın digər müəllifi, London Gigiyena və Tropiki Təbabət Məktəbinin fəxri professoru Filip Ceyms bildirib: “Bizim əsas məqsədimiz, artmaqda olan problemin universal bir həll yolunun olduğu düşüncəsinin qarşısını almaqdır. Əhalinin qida rasionunun yenidən nəzərdən keçirilməsinə ehtiyac var. Çünki, bu dövlət siyasətinin hər bir aspekti ilə əlaqəlidir. Uşaqların meyvə şirələri və şəkər tərkibli qidalar qəbul etməsini nəinki təşviq etməməli, hətta onların sağlamlıq üçün heç bir faydasının olmadığını təbliğ etməliyik. Bağça və məktəblərdə satılan qidalar maksimal dərəcədə şəkərsiz olmalı və şəkərli qidalar enerji qəbulunun 2,5%-dən artığını təşkil etməməlidir.

Cari qaydalara əsasən, qazlı içkiləri və qidaları şirinləşdirmək üçün istifadə olunan “əlavə edilmiş” şəkərlərin gün ərzində maksimum 50 qram miqdarında olması tövsiyə edilir. “Hökumət tərəfindən nəzarət edilən və ya maliyyələşdirilən qənnadı məmulatları və şəkərli içkilər satan avtomatlar götürülməlidir. Biz demirik ki, hər yerdə satılan şəkərli qidalar tamamilə qadağan olunsun, sadəcə diş çürümələri, piylənmə və şəkər xəstəliklərinin qarşısını almaq üçün bütün bunlar ictimai şəkildə dəstəklənməməlidir.

Qida sektoruna bildirilməlidir ki, məhsulların tərkibi proqressiv şəkildə dəyişdirilsin, məhsullarda şəkərin miqdarı azaldılsın və yaxşı olardı ki, məhsullara ümumiyyətlə şəkər əlavə edilməsin. Əgər qidanın tərkibində şəkərin miqdarı 2,5%-dən çoxdursa, onun üzərində “yüksək şəkərli” yazılmalıdır. Böyük biznes siyasətini nəzərə alaraq, bir çox hökumətlər qidalarda şəkər faizini 10%-dən 5%-ə endirə bilərlər, lakin biz təklif edirik ki, bu faiz 2,5 olsun. Qida zəncirində şəkər axınını azaltmaq və şəkəri qidalardan çıxarmaq böyük problemdir. İstehsal edilən şəkəri Braziliyada olduğu kimi spirtə çevirmək və maşınlar üçün yanacaq şəklində istifadə etmək olar.

Professor sözlərinə əlavə edib: “Şəkərli qidaların və içkilərin qiymətini qaldırmaq üçün, şəkər vergisi tətbiq edilməlidir. Bu, kütləvi əmtəə mallarına tətbiq edilən vergi kimi olmalıdır. Çünki, şəkər miqdarına görə hər qidaya ayrı-ayrılıqda vergi tətbiq etmək, həddən artıq mürəkkəb inzibati prosesdir.

Şəkərli içkilərin və şəkərlə zəngin qidaların pərakəndə satış qiyməti ən az 20% qaldırılmalıdır ki, istehlakçı tələbinə əhəmiyyətli dərəcədə təsir göstərə bilsin. Odur ki, şəkərə də digər əmtəə malları kimi vergi tətbiq olunmalıdır. Verginin məbləği mütəxəssislərin təhlilindən asılı olacaq, lakin mənim fikrimcə 100% vergi tətbiq oluna bilər”.

Lakin, bəzi mütəxəssislər bu cür kəskin tədbirlərin güclü nəticə verməyəcəyini və buna səbəb kimi, cəmiyyətin emal edilmiş qida və içkilərdən asılı olduğunu bildirib. Birmingem Universitetinin tətbiqi psixologiya bölməsinin mühazirəçisi

Mel Veykmen bildirib:  “Qida istehsal edən bir çox şirkətlər məhsullarda şəkərin miqdarını azaltmağı vəd ediblər, bu bir günə baş vermir və biz hələ də xeyli sayda emal edilmiş qida və içki istehlak edirik, odur ki, yeni tövsiyə olunmuş şəkər miqdarını qəbul etməyə nail olmaq çətin olacaq. Mən razıyam ki, biz şəkər qəbulunu azaltmalıyıq, lakin bir çoxları 5%-ə güclə çatacaq, o ki qaldı 3%. İnsanlardan cüzi miqdarda şəkər qəbul etməsini tələb etmək hal-hazırda real görünmür, lakin əhali şəkər qəbulunu indiki səviyyədən azaltmalıdır”.

Coca-Cola-nın üzərində qırmızı xəbərdarlıq işarəsi

Bu yaxınlarda Coca-Cola şirkəti öz içkilərinin tərkibində olan şəkərin yüksək faizdə olduğunu göstərmək üçün içkilərin üzərinə qırmızı xəbərdarlıq işarəsi yerləşdirəcək. Şirkət rəhbərliyi, istehlakçılara sağlam qidaları müəyyən etmək və qida rasionunu yaxşılaşdırmaq məqsədilə işıqfor etiket sistemini mənimsəməyi qərara alıblar.

Digər beynəlxalq brendlər kimi, Coca-Cola da rəng şifrəli etiketlərin istifadəsinə qarşı uzun müddət mübarizə aparıb. Çünki, şirkət içkilərin üzərində qırmızı xəbərdarlıq işarəsinin olmasını istəməyib. Lakin qeyd etmək lazımdır ki, şirkətin tam şəkərli içkilərinin satış faizi, sağlam alternativlər olan Coke Zero və Diet Coke içkilərindən kifayət qədər aşağıdır.

İşıqfor etiket sistemi, məhsulların şəkər, yağ və duz tərkibinin yüksək, orta və ya aşağı olmasını müəyyən etmək üçün qida və içkilərin üzərində qırmızı, sarı və yaşıl rənglərdən istifadə edilməsini nəzərdə tutur.

Eyni zamanda məhsulun bir porsiyasının gündəlik tövsiyə olunan maksimal miqdarın neçə faizini təşkil etdiyini göstərən rəqəmlər yer alır. Şirkət bildirib ki, istehlakçıları qidalar barədə şəffaf məlumatlarla təmin etmək üçün yeni etiket sisteminə keçilib. Coca-Cola şirkətinin Böyük Britaniya və İrlandiya üzrə baş meneceri bildirib: “Keçən il yeni sxem təqdim olunduqda, onu ehtiyatla sınaqdan keçirdik, lakin qərara aldıq ki, Avropada sınanmış birrəngli GDA (gündəlik miqdar qaydaları) sisteminə keçək. Yeni etiketli içkilər mağazalarda peyda olan kimi etiket sxeminə nəzarət etməyə başladıq və alıcılardan onların fikirlərini öyrəndik. Alıcılar bildirdilər ki, onlar bütün qida və içki məhsullarının üzərində, onlara özləri və ailələri üçün düzgün məhsul seçməyə imkan verən etiket sxemini görmək istəyirlər. Odur ki, biz yeni sxemi qablaşdırmaların üzərinə vurmağı qərara aldıq”.

Digər xəbərlər